İQTİSADİYYAT


“Azərsu” sayca 14-cü elektron xidmətini istifadəyə verib

Bakı, 29 noyabr, AZƏRTAC

“Azərsu” ASC sayca 14-cü elektron xidmətini istifadəyə verib.

ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərsu” istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən 14-cü “Su nümunələrinin yoxlanılmasına dair müraciət” adlı elektron xidmət istifadəyə verilib.

Yeni xidmət ödənişli əsaslarla içməli su (bulaq, quyu, kəhriz, subartezian suları və sair), üzgüçülük-hovuz suyu, isitmə suyu, suvarma suyu və tullantı su nümunələrinin laboratoriyada yoxlanılması üçün müraciət edilməsini nəzərdə tutur.

Bunun üçün “www.e-gov.az” portalında qeydiyyatdan keçmiş vətəndaşlar portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra “Su nümunələrinin yoxlanılmasına dair müraciət” adlı elektron xidməti seçməlidir. Müraciətin qeydiyyata alınması üçün fiziki şəxs və ya hüquqi şəxs seçimi, göstəriləcək xidmətin növü (içməli su, üzgüçülük-hovuz suyu, isitmə sistemlərində istifadə olunan su, suvarmada istifadə olunan su barədə məlumatlar (tullantı suyu) sistemə elektron formada daxil edilməlidir.

Həmçinin müraciətin səbəbi, sifarişin məqsədi, nümunə üzərində aparılacaq analiz göstəricisinin adı (siyahıdan seçilməlidir), nümunənin götürüləcəyi ünvan (rayon/şəhər, kənd/qəsəbə, küçə, bina/ev nömrəsi, mənzil nömrəsi), sifarişçinin tələb və təklifləri, sifarişçinin telefon nömrəsi, sifarişçinin elektron poçt ünvanı barədə də məlumat daxil olunmalıdır.

Nümunələr üzrə aparılacaq analizlərin göstəriciləri seçildikdən sonra istifadəçilər müvafiq bölmədə nümunənin yoxlanılması üzrə xidmət haqları ilə tanış ola bilər. Sifarişçi xidmətin göstərilməsinə razılıq verdiyini “Xidmətin həyata keçirilməsi proseduru ilə tanış oldum və şərtlərlə razıyam” seçimi ilə təsdiq etməlidir.

Daxil olan müraciətə “Azərsu” ASC-nin Mərkəzi Laboratoriyasının əməkdaşları tərəfindən baxılır və təqdim olunan məlumatlar düzgün olduğu təqdirdə müraciət icra üçün qəbul olunur. Nümunələrin ünvandan götürülməsi, sifarişçi ilə müqavilə bağlanılması laboratoriyanın mütəxəssisləri tərəfindən təmin edilir. Ödəniş edildikdən və nümunələrin yoxlanılması yekunlaşdıqdan sonra sifarişçiyə elektron poçt vasitəsilə məlumat verilir. Analizlərin nəticələrini Mərkəzi Laboratoriyadan kağız daşıyıcıda və ya “www.e-gov.az” portalından elektron formada əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.