CƏMİYYƏT


“Azərsu” tərəfindən fövqəladə hadisələrin aradan qaldırılması üzrə mülki müdafiə məşqi keçirilib

Bakı, 20 may, AZƏRTAC

“Azərsu” ASC-nin 2022-ci il üçün Mülki Müdafiə üzrə Tədbirlər Planına uyğun olaraq Xanbulançay Sutəmizləyici Qurğular Kompleksində “Fövqəladə hadisələrin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, təlimə mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyəti, mülki müdafiə qüvvələrinə daxil olmayan işçilər, ümumilikdə 60 nəfər cəlb olunub.

“Azərsu”nun Mülki Müdafiə Qərargahının rəisi, məşqin rəhbəri Cahangir Şərifov qeyd edib ki, obyekt mülki müdafiə məşqinin keçirilməsində məqsəd iştirakçılardan hər birinə fövqəladə hallarda mühafizə və digər mülki müdafiə tədbirləri həyata keçirərkən fəaliyyət qaydalarının əməli surətdə öyrədilməsi, həmçinin fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətə qərar qəbul etmək bacarığının və mülki müdafiə dəstələrinin qarşılıqlı surətdə fəaliyyət göstərməsinin təkmilləşdirilməsidir.

Təlim zamanı mülki müdafiə dəstələri şəxsi heyətlə tam komplektləşdirilib və mühafizə vasitələri ilə təchiz olunub. Maddi-texniki təchizatın və təlim yerlərində bütün mülki müdafiə avadanlıqlarının sazlığı yoxlanılıb, imitasiya yerlərinin (dağıntı, su kəmərlərində qəza, zəhərlənmə, yanğın və sair) hazırlanmasına diqqət yetirilib. Məşq zamanı daldalanma yerlərinin hazırlanması, işçilərin təhlükəsiz yerlərə çıxarılması, onlara fərdi, tibbi və yanğından mühafizə vasitələrinin paylanması, xilasetmə işlərinin aparılması və sair kimi tədbirlərə hazırlığın vəziyyəti də yoxlanılıb.

Məşq prosesində mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğının söndürülməsi, zəhərlənənlərin xilas edilməsi, axtarış-xilasetmə, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və işçilərin təhlükəsiz ərazilərə təxliyəsi işlərinin aparılması ilə əlaqədar tapşırıqlar yerinə yetirib.

Sonda məşqin nəticələri təhlil edilib, mülki müdafiə dəstələrinin komandir-rəis və şəxsi heyətinə müvafiq tövsiyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.