İQTİSADİYYAT


“Azərsu” yanında İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə tanış olublar

Bakı, 26 noyabr, AZƏRTAC

“Azərsu” ASC yanında İctimai Şuranın üzvləri tanışlıq məqsədilə Mərkəzi Laboratoriyada olublar. Əvvəlcə Mərkəzi Laboratoriyanın fəaliyyəti ilə bağlı təqdimat keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Laboratoriyanın rəisi Elçin Əliyev 2013-cü ildə fəaliyyətə başlayan laboratoriyanın 1 il sonra Latviya Milli Akkreditasiya Bürosu tərəfindən ISO-17025 standartı üzrə beynəlxalq akkreditasiyadan keçirildiyini qeyd edib. O vurğulayıb ki, Laboratoriya beynəlxalq standartların tələblərinə uyğun cihaz və avadanlıqlarla təchiz olunub. Bu cihazlar Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Su Direktivlərində qeyd edilən parametrlərin tam nəzarətdə saxlanılmasına imkan verir. Hazırda laboratoriyada içməli və tullantı sularının 114 parametri öyrənilir. 2020-ci ildə Mərkəzi Laboratoriyada 74 mindən çox içməli və tullantı su nümunələri üzrə 409 mindən çox göstərici beynəlxalq standartların tələblərinə uyğun şəkildə təyin olunub.

“Azərsu”nun Texnoloji proseslərə nəzarət, suyun təhlükəsizliyi və ekologiya şöbəsinin rəisi Cəmil Babayev diqqətə çatdırıb ki, içməli suyun keyfiyyətinə mənbələrdən başlayaraq istifadəçiyə verilənə qədər müxtəlif mərhələlərdə nəzarət edilir. Su nümunələri müxtəlif nöqtələrdən götürülür və analiz olunur. Mərkəzi Laboratoriyanın təcrübəsindən istifadə etməklə 9 regional laboratoriya yaradılıb. Quba, Ucar və Oğuz regional laboratoriyaları beynəlxalq akkreditasiyadan keçib. Regional laboratoriyalar Azərbaycanın ucqar ərazilərində yerləşən mənbələrdəki suyun keyfiyyət göstəricilərini də nəzarətdə saxlamaq imkanı yaradır.

Sonra İctimai Şuranın üzvləri Mərkəzi Laboratoriya ilə əyani tanış olub, içməli və tullantı su bölmələrində aparılan analizləri yaxından izləyiblər. Şura üzvlərinin təşəbbüsü ilə müxtəlif su nümunələrinin analizi aparılıb.

“Azərsu” yanında İctimai Şuranın sədri Rauf Zeyni Mərkəzi Laboratoriyanın şəraiti və imkanlarının onlarda xoş təəssürat yaratdığını bildirib.

Şura üzvləri suyun keyfiyyəti ilə bağlı ictimaiyyətin müraciətlərinin cavablandırılması baxımından laboratoriya ilə əyani tanışlığın böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.