İQTİSADİYYAT


“Azərsu”da şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib

Bakı, 27 sentyabr, AZƏRTAC

Anım Günü münasibətilə “Azərsu” ASC-də şəhid ailələri və qazilərin iştirakı ilə tədbir keçirilib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Azərsu” sədrinin birinci müavini Teyyub Cabbarov Zəfər tarixinə nəzər salaraq bildirib ki, Dağlıq Qarabağ münaqişəsi işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi səbəbindən uzun illər həllini tapmamış və aparılan danışıqlar nəticəsiz qalmışdır: “Vətən müharibəsində “Azərsu” kollektivinin üzvləri də səfərbər olunub. Ümumilikdə 188 əməkdaşımız müharibədə iştirak edib, onlardan 3 nəfəri şəhid olub, 23 nəfəri isə yaralanıb. Eyni zamanda, döyüşlərdə kollektivimizin 21 nəfərinin ailə üzvü şəhid olub, 45 ailə üzvü isə yaralanıb. Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 21 işçisi döyüş bölgəsinə ezam olunub və onlardan 1 nəfər xidməti vəzifəsini yerinə yetirərkən yaralanıb”.

Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Akif Məmmədov bildirib ki, Vətən müharibəsində şəhid olmuş əməkdaşların ailələri, qazilər, xüsusilə döyüşlərdə yaralananlar daim diqqət mərkəzində olub, onlara hər zaman maddi və mənəvi dəstək göstərilib.

Şəhid Məzdək Eyvazlının atası Əli Eyvazlı və şəhid Niyaməddin Sultanzadənin atası Hüsaməddin Sultanov müharibənin ağrı-acılarla yanaşı xalqımıza böyük qürur hissi yaşatdığını qeyd edib, dövlət tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Daha sonra “Azərsu”nun Vətən müharibəsində iştirak etmiş əməkdaşları Ramil Səmədov, Nicat Məmmədov və Mirhəmzə Ağamalızadə döyüş xatirələrini danışıb və qeyd olunub ki, döyüşlərdə iştirak edən əməkdaşlarımızın qəhrəmanlığından kollektivimizin hər bir üzvü qürur hissi keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.