İQTİSADİYYAT


“Azərsu”nun Zəngilanda xidmət sahəsi yaradılıb

Bakı, 21 yanvar, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə Şuşa, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsindən sonra daha bir şəhərdə - Zəngilanda “Azərsu” ASC-nin xidmət sahəsi yaradılıb.

ASC-dən AZƏRTAC-a bildirilib ki, xidmət sahəsi Zəngilan və Qubadlı rayonlarına, həmçinin Laçın rayonunun bəzi kəndlərinə xidmət göstərir. İşçilərin əmək şəraitinin yaxşılaşdırılması və xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Zəngilan şəhərində yararsız tikililərdən biri təmir olunaraq inzibati bina kimi istifadəyə verilib. İşlərin operativliyini təmin etmək məqsədilə xidmət sahəsi xüsusi nəqliyyat vasitələri ilə təmin olunub.

Zəngilan rayonunda “Azərsu” tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib. Şəhər ərazisində və bəzi kəndlərdə, eləcə də sərhəd məntəqələrində yerləşən hərbi bölmələrin su təchizatı sistemi araşdırılıb, mövcud magistral və şəbəkə su xətlərinin qəzalı hissələri təmir olunub. Su ilə təmin edilməyən obyektlərin su təchizatı məqsədilə yeni xətlər çəkilib, zəruri yerlərdə hidrofor tipli nasoslar quraşdırılıb. Görülmüş işlər nəticəsində Zəngilan şəhərində və kəndlərdə 34 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin olunub.

Ötən müddətdə Qubadlı şəhərinin mövcud su təchizatı sistemi araşdırılıb, magistral və şəbəkə xətlərinin dağıdılmış hissələri bərpa edilib. Şəhər ərazisində 1 su anbarı, 2 suqəbuledici qurğu və 10 kilometr müxtəlif diametrli su xətləri bərpa olunub. Hazırda Qubadlı şəhərində 70 yaşayış və qeyri-yaşayış obyekti içməli su ilə təmin edilir.

Qeyd edək ki, “Azərsu” Zəngilan və Qubadlı rayonları ilə yanaşı, Şuşa şəhəri, Kəlbəcər və Laçın rayonlarında, eləcə də Hadrut, Talış və Suqovuşan qəsəbələrində fasiləsiz xidmət təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.