İQTİSADİYYAT
“Azərsu”nun nümayəndəsi Amerikada sərgidə iştirak edib
Bakı, 19 may, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində “WasteExpo-2022” sərgi və konfransı keçirilib. ABŞ Kommersiya Xidməti tərəfindən təşkil olunmuş sərgidə bərk məişət tullantıları və təkrar emal sənayesi, tullantı sularının təmizlənməsi sahəsində qabaqcıl texnologiyalar və innovasiyalar nümayiş olunub.
“Azərsu” ASC-dən AZƏRTAC-a bildirilib ki, ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəisi Samir Qənili “WasteExpo 2022” sərgi və konfransında iştirak edib.
Səfər çərçivəsində tullantı sularının idarə olunması sahəsində ixtisaslaşmış şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, innovasiyalar sahəsində fikir mübadilələri aparılıb.
Sərgiyə dünyanın müxtəlif ölkələrindən 14 mindən çox mütəxəssis qatılıb. Tədbir çərçivəsində bərk və maye tullantılarının təkrar emalı və kənarlaşdırılması sahəsindən ixtisaslaşmış 600-dən çox şirkətin nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçirilib.