İQTİSADİYYAT
“Azərsu”nun sədr müavini: Neftçala şəhərində kanalizasiya şəbəkəsinin inşası işləri davam etdirilir



Neftçala, 3 iyun, AZƏRTAC
Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu "Azərsu" ASC-nin sədr müavini İlqar Tağıyev bildirib.
ASC-nin rəsmisi əlavə edib ki, magistral kəmərlərin inşası ilə paralel olaraq Neftçala şəhərində içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulmasına başlanılıb və mərhələlərlə davam etdirilir.
Onun sözlərinə görə, indiyədək layihədə nəzərdə tutulan 144 km içməli su şəbəkəsinin 140 km-lik hissəsi yekunlaşıb. Neftçala şəhərində 140 km layihələndirilən kanalizasiya şəbəkəsinin 10 km-lik hissəsi inşa edilib, işlər davam etdirilir. Eyni zamanda, Bankə qəsəbəsində 39 km mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılıb.
İlqar Tağıyev bildirib ki, layihə çərçivəsində gələcəkdə 8,6 km kanalizasiya kollektoru və tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4000 kubmetr olan tullantı sutəmizləyici qurğu da inşa ediləcək.