REGİONLAR
“Azərtoxum” MMC fermerlərin yüksəkreproduksiyalı toxumla təmin edilməsində mühüm rol oynayır VİDEO
Yevlax, 2 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizin ərzaq təhlükəsizliyində xüsusi önəm kəsb edən taxıl istehsalının artırılması dövlətin aqrar siyasətinin başlıca istiqamətlərindəndir. Taxılçılığın inkişafı bu sahənin məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksəkreproduksiyalı taxıl toxumları ilə təminatından da çox asılıdır. Odur ki, bu istiqamətdə respublikamızda mühüm tədbirlər həyata keçirilir, yeni toxumçuluq təsərrüfatları yaradılır, onlar müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunurlar.
Prezident İlham Əliyevin iştirakı ilə 2010-cu ildə Yevlaxda istifadəyə verilən “Azərtoxum” MMC taxılçılıqla məşğul olan fermerlərin yüksəkreproduksiyalı toxumla təmin edilməsində mühüm rol oynayır.
MMC-nin icraçı direktoru Məzahir Qasımov AZƏRTAC-ın müxbiri ilə söhbətində müəssisənin fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, müxtəlif növ dənli bitki toxumlarının istehsalı və hazırlanması ilə məşğul olan müəssisə 7 hektar sahədə yaradılıb. Müəssisənin yaradılmasında əsas məqsəd rayonlaşdırılmış sortlar, super elit və yüksək məhsuldar toxum hazırlamaq və taxılçılıqla məşğul olan fermerləri keyfiyyətli toxumla təmin etməkdir. Müəssisə 80 tonluq qapandan, tutumları 1000, 1500 və 2500 ton olan 12 anbardan, toxum laboratoriyasından, təmir sexindən, yanacaqdoldurma məntəqəsindən ibarətdir. Burada dünyanın ən mükəmməl və modern sistemləri, maşın və avadanlıqlar tətbiq edilib. Mərkəz 100 min ton toxum hazırlamaq və işlətmək gücünə malikdir. Müəssisənin real gücü 15 min hektar sahənin əkilib-becərilməsinə imkan verir.
Toxumların təmizlənməsi, paketlənməsi, sertifikatlanması müəssisədə həyata keçirilir. Toxumçuluq idarəsinin laboratoriyası da burada qurulub. Fəaliyyəti Kənd Təsərrüfatı Nazirliyinin xüsusi diqqətində olan müəssisəyə toxumçuluğun inkişaf etdirilməsi üçün vaxtaşırı olaraq mütəxəssis, texnika, gübrə və sair baxımdan lazımi kömək göstərilir.
Bu il Tərtər, Şəmkir, Xocavənd, Yevlax, Sabirabad, Bərdə, Qəbələ, Şəki, Zaqatala, Qax, Beyləqan, Balakən və İsmayıllı rayonları ərazisində 10 min hektara yaxın sahədə əkin işləri aparılıb və 30 min tona yaxın yüksək reproduksiyalı toxum tədarük edilib. Gələcəkdə əkin sahələrinin artırılaraq 15 min hektara, məhsul istehsalının isə 50 min tona çatdırılması nəzərdə tutulur. Toxum seçimində yüksək məhsuldarlığı ilə fərqlənən “Qarabağ-22”, “Krasnodar-99”, "Tanya", “Batka”, "Şəki-1", "Azəri", "Aran", "Əzəmətli", “Əzəmətli-95”, “Qırmızı gül” və s. sortlara üstünlük verilir. Bundan başqa 1000 hektarda qarğıdalı, 200 hektarda soya, 100 hektarda günəbaxan yetişdirilib.
Müəssisənin taxılçılıqla məşğul olan fermerlərlə işgüzar əlaqələri formalaşıb. Onlara toxumların növləri barədə məlumat verilir, əkindən biçinə qədər texnoloji proses izah edilir. Müqavilə bağlanmış fermerlər keyfiyyətli toxum, gübrə və yanacaqla təmin olunur. Biçin vaxtı isə fermerlər istehsal etdikləri taxılı müqaviləyə əsasən müəssisəyə satırlar. Müqaviləli əkinçilikdən həm fermerlər bəhrələnir, həm də ölkəmizdə keyfiyyətli toxum istehsalına nail olunur.
Bir sözlə, Cənubi Qafqaz regionunda ən müasir və ən böyük toxumçuluq müəssisəsi olan “Azərtoxum” MMC taxıl istehsalçılarının yüksəkreproduksiyalı toxumla təmin olunması istiqamətində fəaliyyətini uğurla davam etdirərək, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfəsini verir.