İQTİSADİYYAT
“Azərtütün” ASC-nin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin qalibi elan olunub
Bakı, 30 noyabr, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 15-də Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən “Azərtütün” ASC-nin səhmlərinin 85 faizinin və əmək kollektivi üzvlərinə səhmlərin güzəştlə satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Noyabrın 18-də Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “Tabaterra Leaf” QSC “Azərtütün” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi ilə noyabrın 25-də imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, investor dövlət büdcəsinə 6 milyon 400 min manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 8 milyon 200 min manat təşkil edən İnvestisiya Proqramının icrasını, habelə müəssisənin kreditor borclarının ödənilməsinin təmin edilməsini üzərinə götürüb.
İnvestisiya Proqramına əsasən, müəssisədə mövcud istehsal avadanlıqlarının təmiri, istehsal xətti üçün tələb olunan əlavə avadanlıq və hissələrin alınması, laboratoriya avadanlıqlarının yenilənməsi, tütün emalı zavodu və tütün qəbulu məntəqələrində təmir-tikinti işlərinin aparılması, dövriyyə kapitalına investisiya qoyuluşu nəzərdə tutulur.
Müsabiqə qalibi tərəfindən investisiyaların 1 il ərzində yatırılması, müəssisədə 130 nəfərdən az olmayan daimi və mövsümi iş yerinin yaradılması planlaşdırılır.
Beləliklə, dövlət müəssisəsinin özəlləşdirilməsi ölkəmizdə tütünçülüyün inkişafına dövlət dəstəyi, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsi, tütün istehsalına marağın artırılması istiqamətində növbəti addım olacaq.