REGİONLAR


“Azərtütün” MMC-nin Balakən tütün istehsalı və emalı məntəqəsi fermerlərdən 584 ton yaşıl tütün qəbul edib

Balakən, 21 avqust, Mustafa Dadaşov, AZƏRTAC

Bu il Balakən rayonunun təsərrüfatlarında 450 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 346 hektar sahədə “Virciniya” və 19 hektarda “Berley” növlü, 85 hektar sahədə isə yerli tütün sortları yetişdiriblər. Hazırda təsərrüfatlarda tütün yığımının qızğın çağıdır. “İmmuniy” növlü yerli tütün fermerlərin özləri tərəfindən ipə düzülərək qurudulur. “Virciniya” növlü yaşıl tütün isə qurudulmaq üçün sahələrdən birbaşa “Azərtütün” MMC-nin rayonun Hənifə kəndində ötən ildən fəaliyyətə başlayan tütün istehsalı və emalı məntəqəsinə gətirilir. Emal məntəqəsi mövsümün əvvəlindən indiyədək istehsalçılardan 584 ton yaşıl tütün kütləsi qəbul edib.

Müəssisənin rəhbəri Şadnus Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hər gün məntəqəyə orta hesabla 18-20 ton yaşıl tütün kütləsi daxil olur. Hazırda məntəqədə olan 60 tütünqurutma kamerasından 25-i işlək vəziyyətdədir. Hər kameraya bir dəfəyə 8 ton yaşıl tütün kütləsi yerləşdirilir. Tütünün qurudulması prosesi 7 gün çəkir. Qurudulan tütün sonra preslənərək anbara yığılır. Mövsümün əvvəlindən bu günədək məntəqədə 56,5 ton quru tütün istehsal olunub.

Talalar kəndindən fermer İmran Cumayev indiyədək məntəqəyə rayon üzrə hamıdan çox – 62,8 ton “Virciniya” növlü yaşıl tütün təhvil verib. Kortala kəndindən Ceyhun Mərdanov emal məntəqəsinə 35 ton, Şambul kənd sakini Fikrət İbrahimov isə 33,4 ton yaşıl tütün gətirib.

Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər. Tütün istehsalı 2017-ci illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.