İQTİSADİYYAT


“Azərxalça” daha iki regional məntəqədə yun tədarükünə başlayıb

Bakı, 13 may, AZƏRTAC

Respublikamızdakı xalçaçılıq müəssisələrinin yerli xammalla təmin olunması üçün mühüm tədbirlər həyata keçirilir. Hazırda Sumqayıt şəhərindəki Kimya Sənaye Parkında Yunəyrici-Boyaq Fabriki tikilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb.

Ötən həftə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin açılışı olub. Dövlət başçısı bu sahədə görülən işlərin əhəmiyyətindən danışaraq deyib: “Gələcəkdə biz özümüzü bütün xammalla – iplər, boyaq və yun ilə təmin edəcəyik... Yun tədarükü ilə bağlı göstəriş verilmişdir ki, məntəqələr yaradılmalıdır. Çünki bu, böyük problem idi, yun tədarükü kortəbii şəkildə təşkil olunurdu. İndi bu iş mərkəzləşmiş qaydada görülür. Beş məntəqə yaradılıb və hər zonanın fermerləri artıq bilirlər ki, yunu hara gətirsinlər, kimə təhvil versinlər və pullarını alsınlar. Əminəm ki, Azərbaycanda yun tədarükü böyük dərəcədə artacaq”.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə yaradılan daha iki regional məntəqədə yun tədarükünə başlanılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov Sabirabad və Bərdədəki regional məntəqələrdə yun tədarükü prosesi ilə maraqlanıb.

Sabirabad Sənaye Məhəlləsində yerləşən tədarük məntəqəsinə baxış zamanı məlumat verilib ki, məntəqə Sabirabad, Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Neftçala rayonlarını, Şirvan və Lənkəran şəhərlərini əhatə edir.

Bildirilib ki, tədarükçülərə, fermerlərə iplik istehsalı üçün yararlı olan yunun tələbləri izah edilib.

Həmin gün Bərdə regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinə də baxış olub.

Ümumi sahəsi 6000 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Bu məntəqə Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərəcək.

Vurğulanıb ki, məntəqənin əhatə etdiyi şəhər və rayonların fermerləri ilə, tədarükçülərlə görüşlər zamanı iplik istehsalına yararlı yuna olan tələblər barədə ətraflı məlumat verilib. Onlara izah olunub ki, iplik istehsalı üçün yalnız ildə bir dəfə, diri qoyunların bel hissəsindən qırxılan, uzunluğu ən azı 8 santimetr olan yunun qəbulu həyata keçiriləcək.

Bildirilib ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənir. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü (qaba və incə), nəmliyi barədə məlumatlar öz əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı Yunəyrici-Boyaq Fabrikinə təhvil veriləcək.

İdarə Heyətinin sədri yun tədarükü zamanı müəyyənləşdirilmiş standartlara ciddi əməl olunması, məntəqələrə keyfiyyətli yunun qəbul edilməsi barədə tapşırıqlar verib.

Qeyd edək ki, hər iki məntəqədə işçilər üçün lazımi şərait yaradılıb, məntəqənin inzibati hissəsində otaqlar və yeməkxana istifadəyə verilib. Məntəqələrin işçiləri xüsusi geyim forması ilə təmin ediliblər.

Respublikamızda yaradılan 5 regional tədarük məntəqəsinə ildə 1500 ton yun qəbul olunacaq. Hər məntəqəyə 300 ton yun tədarükü nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.