İQTİSADİYYAT


“Azərxalça” gələn ildən iplik istehsalı üçün yararlı olan 1500 ton yun tədarük edəcək

Bakı, 30 noyabr, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2019-cu ildən respublika ərazisindən 1500 ton yun toplayacaq. Əhalidən və təsərrüfatlardan yun tədarük edilərkən iplik istehsalına yararlı olan yun qəbul olunacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərxalça” ASC-nin mətbuat katibi Tural Səfərov deyib.

O bildirib ki, son illər xalçaçılığın inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Xalça fabriklərini xammalla təmin etmək məqsədilə Yunəyirici-Boyaq Fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin tikintisinə başlanılıb.

Bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir. Dövlət başçısı hələ 2017-ci ilin aprel ayında Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsindəki çıxışında yun tədarükü probleminə toxunaraq deyib: “Yun tədarükü məsələlərinə əvvəlki illərdə o qədər də böyük diqqət göstərilmirdi. Məndə olan məlumata görə, bizim cəmi bir fərli-başlı tədarük məntəqəmiz olub. Bizim bütün bölgələrimizdə yun tədarükü təşkil edilməlidir. Vaxt gəlib çatıb ki, Azərbaycanda böyük yun fabriki də yaradılsın. Bu sahəyə də ciddi diqqət göstərilməlidir. Bu, fermerlərə əlavə qazanc mənbəyi olacaq, ölkəyə isə valyuta gələcək”.

Ölkə rəhbərinin tapşırıqlarına uyğun olaraq, “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə müvafiq tədbirlər həyata keçirir. Sumqayıt Kimya Sənaye Parkında inşası davam etdirilən Yunəyirici-Boyaq Fabriki Türkiyə, Fransa və İtaliya istehsalı olan avadanlıqlarla təchiz olunacaq. Bu fabrikdə təmiz yun, yun iplik, təbii və kimyəvi boyaq maddələri hazırlanacaq.

Mətbuat katibi deyib ki, fabrik fəaliyyətə başladıqdan sonra respublikanın xalçaçılıq müəssisələrinin yun ipliyə olan tələbatı ödəniləcək, idxaldan asılılıq tamamilə aradan qaldırılacaqdır: “Yunəyirici-Boyaq Fabrikinin xammalla təmin olunması məqsədilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Bərdə və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar tikilir. Müasir texniki avadanlıqlarla təmin ediləcək bu məntəqələrdə il ərzində 1500 ton yun və boyaq bitkiləri toplanılacaqdır”.

Tural Səfərovun sözlərinə görə, iplik istehsalı üçün yalnız ildə bir dəfə qırxılan, uzunluğu 6-10 santimetr aralığında olan yunun qəbulu həyata keçiriləcəkdir. “Azərxalça” yun tədarükçüləri üçün hazırlıq kursları da təşkil edəcək. Bu kurslarda tədarükçülərə yun qəbulunun incəlikləri öyrədiləcək.

“Azərbaycanda Yunəyirici-Boyaq Fabrikinin və tədarük məntəqələrinin yaradılması heyvandarlığın inkişafına da öz təsirini göstərəcəkdir. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcəkdir”, - deyə Tural Səfərov vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.