REGİONLAR
“Azərxalça” növbəti ildən boyaq bitkilərinin tədarükünə başlayacaq VİDEO
Quba, 7 oktyabr, AZƏRTAC
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2020-ci ildən boyaq bitkilərinin tədarükünə başlayacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu proses respublikamızda ilk dəfə həyata keçirildiyindən maarifləndirmə işlərinin aparılmasına ehtiyac var. Məqsəd boyaq bitkiləri, onların toplanma üsulları barədə əhalini maarifləndirməkdir. Ona görə də bu ildən bölgələrdə əhali ilə görüşlər keçiriləcək. İlk belə tədbir Quba rayonunun Təngəaltı kəndində təşkil olunub.
Tədbirdə “Azərxalça” ASC-nin idarə heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, hazırda “Azərxalça”nın respublikamızın bölgələrində 21 filialı fəaliyyət göstərir. Səhmdar cəmiyyətin filiallarından 3-ü məhz bu bölgədə - Qubada, Xaçmazda və Şabranda yaradılıb. “Azərxalça”nın filiallarının və respublikamızda fəaliyyət göstərən özəl xalça istehsalı emalatxanalarının yun ipliklə təmin edilməsi və idxaldan asılılığın aradan qaldırılması üçün Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici-Boyaq Fabriki tikilib. Bu fabriki xammalla Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında yaradılan regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri təmin edəcək. Həmin məntəqələrdə bu ilin mayından yun tədarükünə başlanılıb. Gələn ildən isə boyaq bitkiləri tədarük olunacaq. Tədarük olunan yun əyrilərək iplik istehsal ediləcək, həmin iplik də toplanan təbii boyaq bitkiləri ilə boyanacaq.
V.Muradov Quba rayonu ərazisində bitən boyaq bitkiləri haqqında görüş iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, təbiətdə boyaq tərkibi olmayan heç bir bitki yoxdur. Bar verməyən ağacların belə, gövdəsi, yarpaqları rənglidir. Azərbaycanda 1500 növədək boyaq xüsusiyyətli bitki vardır. Bu boyaq bitkilərinin böyük əksəriyyəti Quba rayonu ərazisində mövcuddur.
Rayonun Cimi kənd sakini Ağacan Kərimov deyib ki, xalçaçılığın inkişafına yönəldilmiş belə tədbirlər əhalinin rifah halının yaxşılaşdırılmasına da böyük təsir göstərir. O bildirib ki, Quba rayonunun ərazisi boyaq bitkiləri ilə zəngindir. XIX əsrin sonu XX əsrin əvvəllərində Qubada boyaqçılıq emalatxanaları fəaliyyət göstərib. Bu boyaq bitkilərinin toplanması heç bir xərc tələb etmir. Sadəcə, zəhmət çəkmək lazımdır. Boyaq bitkilərinin tədarük olunması rayon sakinləri üçün əlavə qazanc mənbəyidir.
A.Kərimov onlara göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə rəhbərinə minnətdarlığını ifadə edib.
Sonra bu ərazidəki meşədə yabanı halda bitən zoğal, zirinc, qoz, yemişan, əzgil, itburnu, çaytikanı, alça, armud, alma, palıd, gəndəlaş toplanıb, həmin boyaq bitkilərindən hansı rənglərin alındığı barədə ətraflı məlumat verilib. Boyaq bitkilərinin təbiətə zərər vurmadan necə toplanması əyani şəkildə tədbir iştirakçılarına izah edilib.