MƏDƏNİYYƏT


“Azərxalça”nın İsmayıllı rayonundakı yeni filialının ilk xalçaları kəsilib

Bakı, 20 noyabr, AZƏRTAC

Prezident İlham Əliyevin 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb.

Ötən ilin sonlarında İsmayıllıda “Azərxalça”nın yeni filial binasının tikintisinə başlanılıb və tikinti-quraşdırma işləri qısa müddətdə başa çatdırılıb.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin avqust ayında fəaliyyətə başlayan filialın artıq ilk xalçaları kəsilib.

Bu münasibətlə keçirilən tədbirdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov son illər ölkəmizdə xalçaçılığın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Bildirilib ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Prezident İlham Əliyevin qayğısı ilə Azərbaycan xalçaçılığı yeni inkişaf dövrünü yaşayır. Ölkə rəhbərinin dəstəyi ilə Mehriban xanım Əliyevanın milli dəyərlərimizdən biri olan Azərbaycan xalça sənətinin yenidən dirçəldilməsi sahəsində həyata keçirdiyi tədbirlər tarixi irsimizə sahib çıxmağın, onu yaşatmağın, tarixi yaddaşı bərpa etməyin analoqu olmayan nümunəsidir. Məhz Mehriban xanımın təşəbbüsü və əməyi nəticəsində Azərbaycan xalça sənəti UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib.

Vurğulanıb ki, 2016-cı ildə yaradılan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti genişləndirilir, filiallarının sayı artırılır. Səhmdar Cəmiyyətin artıq 21 filialı fəaliyyət göstərir. İsmayıllı yeganə rayondur ki, burada 2 xalça istehsalı emalatxanası yaradılıb. İsmayıllıdakı birinci xalça fabriki 2018-ci il avqust ayının 25-də Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. “Azərxalça”nın İsmayıllı filialının açılışından sonra ölkə rəhbəri İsmayıllıda daha bir xalça emalatxanasının tikilməsi üçün Sərəncam imzalayıb. Bu gün filialın ilk xalçaları kəsilir.

Vidadi Muradov deyib ki, İsmayıllı Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Şirvan bölgəsində xalçaçılıq sənəti tarixən inkişaf edib. Zəngin boyaq bitkiləri Şirvanda xalçaçılığın inkişafına müsbət təsir göstərib. Şirvanda toxunan xalçalar orijinal bədii tərtibatı, rəng seçimi ilə yadda qalıb. İsmayıllıda fəaliyyət göstərən filiallarda çalışan toxucular bu ənənələri davam etdirməli, xalçaçılığın yaşadılmasına öz töhfələrini verməlidirlər.

Filialın direktoru Dilşad Hüseynova xalçaçılığın inkişafına göstərilən qayğıya, onlar üçün yaradılan şəraitə görə ölkə başçısına minnətdarlıqlarını ifadə edib.

Sonra filialın ilk xalçaları kəsilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.