REGİONLAR


“Azərxalça”nın Quba filialında 1100 kvadratmetr xalça toxunub VİDEO

Quba, 10 sentyabr, Elxan Yusifli, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Quba filialında indiyədək ümumi ölçüsü 1100 kvadratmetr olan 310 ədəd xalça toxunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazır olan nümunələr Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunan xalçalardır. Üzərlərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunub. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.

“Azərxalça” (ASC) Quba filialın əməkdaşı Təhmasib Əkbərov bildirib ki, emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

“Xalçaçılıq müəssisəsində Quba şəhərindən, rayonun Aşağı Atuc, Əlibəyqışlaq, İkinci Nügədi, Ağbil, Mirzəmməd və Dağlı kəndlərindən olan 70-dən çox toxucu fəaliyyət göstərir. Pandemiya ilə əlaqədar bir müddət emalatxanada xalça toxunması dayandırılmışdı. Bu ilin aprel ayından fəaliyyətimiz bərpa olundu. May ayından yeni üslubda xalçaların toxunmasına başlanılıb”, - deyə Təhmasib Əkbərov bildirib.

Toxuculardan Simnarə Seyidməmmədova və Ədalət Heybətova hələ uşaq yaşlarından xalçaçılığın sirlərinə yiyələndiklərini, bu bölgənin qədim xalçaçılıq ənənələrini yaşatdıqları üçün sevindiklərini söyləyiblər.

“Azərxalça” ASC-nin ilk filiallarından olan Qubadakı xalça istehsalı emalatxanası 2017-ci il dekabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Filialda 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Xalça istehsalı emalatxanası zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə, çeşnilərlə təmin edilib. Quba filialında qədim zamanlardan bu ərazidə yaradılmış Zeyvə, Pirəbədil, Qonaqkənd, Zeyxur, Çiçi, Qaraqaşlı, Şahnəzərli və başqa tarixi çeşnilər əsasında xalçalar toxunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.