MƏDƏNİYYƏT


“Azərxalça”nın Xaçmaz filialında 100-cü xalça kəsilib

Bakı, 17 avqust, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin(ASC) filiallarından biri də Xaçmaz rayonunda fəaliyyət göstərir. Xaçmazdakı filial bu ilin may ayında Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada, əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal xalça çeşniləri əsasında xalçaların toxunmasına üstünlük verilir. Həmin çeşnilər qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanır.

“Azərxalça” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Xaçmazdakı xalça istehsalı emalatxanasında artıq 100-cü xalça kəsilib.

Qeyd edək ki, xalçanın toxunması prosesi başa çatdıqdan sonra o, kəsilərək hanadan götürülür. Azərbaycan toxucuları xalçanın kəsilməsi prosesinə xüsusi önəm verirlər. Əl əməyi, göz nuru ilə ərsəyə gətirilən xalçanın kəsilməsi toxucuların zəhmətinin son mərhələsidir. Ona görə də xalça kəsilməsini toxucular həmişə bayram əhval-ruhiyyəsi ilə xüsusi mərasim kimi qeyd ediblər. Evlərdə qurulan hanalardan xalçaların kəsiləcəyi günü insanlar toy-bayram kimi səbirsizliklə gözləyiblər. Milli dəyərimiz olan xalçaçılığı inkişaf etdirən “Azərxalça”nın toxucuları əsrlərdir yaşadılan həmin ənənəni bu gün də davam etdirirlər. Xalça istehsalı emalatxanalarında toxunan xalçaların kəsildiyi gün toxucular üçün bayrama çevrilir.

Xatırladaq ki, “Azərxalça”nın 10 filialı fəaliyyət göstərir. Bu filiallarda indiyədək 1000-dən çox xalça toxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.