MƏDƏNİYYƏT
“Azərxalça”nın filiallarında Beynəlxalq Qadınlar Günü qeyd olunub
Bakı, 7 mart, AZƏRTAC
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) bütün filiallarında “Dövlət daim bizi dəstəkləyir” adlı tədbirlər keçirilib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə qurum rəhbərliyinin kollektivə təbriki çatdırılıb.
Tədbirlərdə qeyd olunub ki, Azərbaycan qadınları bəşər mədəniyyətinin yaranmasında və təşəkkül tapmasında misilsiz xidmətlər göstəriblər. Ölkəmizdə qadına həmişə böyük ehtiram, hörmət bəslənilib, ana adı daim uca tutulub, müqəddəs sayılıb. XX əsrin 70-ci illərindən qadınlarımızın cəmiyyətdə rolu və fəallığı artmağa başlayıb, ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra qadınların ictimai-mədəni həyatda yeri və rolu daha da möhkəmlənib.
Qadınların cəmiyyət həyatında yerini və rolunu yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin bu sözləri xatırlanıb: “Qadın bəşərə yaraşıq, zinət, insanlığa şərəf, şan-şöhrətdir. Qadın ucalıq, ülvilik məbədidir, ismət, qeyrət, qüdrət rəmzidir... Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.
Bildirilib ki, Azərbaycan qadınları tarixən milli dəyərlərimizin, müxtəlif sənət sahələrinin yaradılması və qorunub saxlanılmasında misilsiz xidmət və böyük fədakarlıqlar göstəriblər. Qadınlarımızın milli dəyər səviyyəsinə yüksəldikləri sənət sahələrindən biri də xalçaçılıqdır. Ölkəmizin müxtəlif bölgələrində toxunan xalçalar Azərbaycan qadınının istedadının və zəhmətinin nəticəsidir. Toxucu qadınlar xalça sənətini yaşatmaqla Azərbaycanın tarixini də yaşadıb, xalqımızın müxtəlif dövrlərdəki həyat tərzi barədə məlumatların müasir dövrümüzədək gəlib çıxmasına səbəb olublar.
Vurğulanıb ki, son illər ölkəmizdə digər sahələrdə çalışan qadınlar kimi, xalçaçılara da çox böyük diqqət və qayğı göstərilir. Azərbaycan Prezidentinin sərəncamları ilə yaradılan xalça istehsalı emalatxanaları toxucuların işlə təmin olunmasına böyük töhfə verib. Dövlət başçısının qayğısı ilə cəmiyyətimizdə xalçaçı qadınların artan nüfuzu və hazırkı yüksək ictimai mövqeyi gənclərin bu sahəyə meyillənməsinə stimul olur. Azərbaycan toxucuları dövlətin dəstəyi sayəsində xalçaçılığı yaşadaraq gözəl sənət əsərləri yaradırlar. Müasir Azərbaycan toxucularının ərsəyə gətirdikləri xalçalar tarixən olduğu kimi, bu gün də dünya miqyasında xalqımızı layiqincə təmsil edir.
Sonra qadınlara hədiyyələr verilib, tədbirlər çay süfrəsi arxasında davam etdirilib.