MƏDƏNİYYƏT


“Azərxalça”nın filiallarında Milli Qurtuluş Günü qeyd olunub

Bakı, 15 iyun, AZƏRTAC

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filiallarında Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə AZƏRTAC-a Səhmdar Cəmiyyətin mətbuat xidmətindən məlumat verilib.

Əvvəlcə Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Vidadi Muradovun Milli Qurtuluş Günü münasibətilə kollektivlərə təbriki çatdırılıb. Tədbirlərdə qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik dövrü xalqımızın qurtuluş tarixinə çevrilib. Ölkəmizə rəhbərliyinin birinci dövründə ağır iqtisadi, siyasi, mənəvi böhran keçirən Azərbaycanı keçmiş İttifaqın qabaqcıl respublikalarından birinə çevirən görkəmli dövlət xadimi Heydər Əliyev, əslində, qurtuluşun bünövrəsini – xalqımızı müstəqilliyə aparan yolun əsasını qoymuşdu. Böyük öndər yaxşı bilirdi ki, xalqın iqtisadi azadlığını təmin etmədən, onun tarixinə və milli-mənəvi dəyərlərinə sahib çıxmadan siyasi müstəqilliyə nail olmaq mümkün deyil.

Bildirilib ki, Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ötən əsrin 70-80-ci illərində Azərbaycanı müstəqilliyə hazırlayıb, 1990-cı ilin noyabr ayında Naxçıvanda dövlət müstəqilliyinin bərpası istiqamətində tarixi qərarlar qəbul edərək müstəqil dövlətçiliyin əsasını qoyub.

Qeyd olunub ki, 1993-cü ildə Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Əgər 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, Azərbaycan bir dövlət kimi yer üzündən silinəcəkdi.

Bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlayıb, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas edib. Ümummilli Liderimizin hakimiyyətə gəldiyi 1993-cü ilin 15 iyunu tarixə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan Respublikasının Milli Məclisi 1997-ci il 27 iyun tarixli Qərarı ilə dahi şəxsiyyətin ölkə rəhbərliyinə qayıdışı gününü rəsmi olaraq Azərbaycan xalqının Milli Qurtuluş Günü elan edib.

Vurğulanıb ki, 1993-2003-cü illərdə ulu öndər Heydər Əliyev Azərbaycanı Azərbaycana qaytarıb, müstəqilliyimizin əsl xilaskarı, Azərbaycanın qurucusu kimi öz sağlığında xalqın qəlbində heykəlləşib, əbədiləşib.

Bu gün müstəqilliyin yolları ilə inamla irəliləyən Azərbaycanda Ulu Öndərin amal və əməlləri dönmədən həyata keçirilir. Ölkəmiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni-yeni uğurlar qazanır. Dövlət başçısının diqqət və qayğısı ilə Azərbaycan xalçaçılığı da yeni inkişaf dövrünü yaşayır. “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin respublikamızın bölgələrində fəaliyyət göstərən xalça istehsalı müəssisələri bu sahənin inkişafına öz töhfəsini verir. Bütün bunları ulu öndərimiz Heydər Əliyevə və Milli Qurtuluş Gününə borcluyuq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.