İDMAN


“Azəryol” həndbol komandası Azərbaycan çempionatında liderliyini davam etdirir

Bakı, 13 fevral, AZƏRTAC

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turun oyunları keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, günün ilk görüşü daha böyük maraqla gözlənilirdi. Çempionluq uğrunda yarışan “Qarabağ”la “Azəryol”un qarşılaşması gözlənildiyi kimi gərgin idman mübarizəsi ilə yadda qalıb. Liderlə xal fərqini aradan qaldırmaq istəyində olan “Qarabağ” meydançaya qələbə üçün çıxsa da, tapşırığı yerinə yetirə bilməyib. Rəqibin ciddi müqavimətinə baxmayaraq 3 xallıq üstünlüklə qələbə qazanan “Azəryol” azarkeşlərini sevindirib – 29:26.

Turun “Azərsu”–“İdman Akademiyası” matçında nominal ev sahibinin qələbəsinə inananlar yanılmayıblar. Baxmayaraq ki, “Azərsu” bu oyunda heç də asanlıqla qalib gəlməyib. Məğlubiyyətlə barışmaq istəməyən “İdman Akademiyası” rəqibə layiqli müqavimət göstərib. Bununla belə görüş daha təcrübəli “Azərsu”nun üstünlüyü ilə yekunlaşıb – 39:33.

Turu qələbə ilə bitirən “Azəryol” 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Qarabağ” ondan 4 xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.

Fevralın 19-na təyin olunan XII turun oyunlarında “Azəryol” “İdman Akademiyası”, “Azərsu” isə “Qarabağ” ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.