CƏMİYYƏT
“Azəryolservis”in 300-dən artıq əməkdaşı qanvermə aksiyasında iştirak edib VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətində “Qan verməyə bir saat ayrılan vaxt, bir həyata bərabərdir” adı altında qanvermə aksiyası keçirilib.
“Azəryolservis”in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qanvermə aksiyası Prezident İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Federasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə reallaşdırılıb.
Aksiyada ASC-nin 300-dən artıq əməkdaşı könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulub. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Belə ki, yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Hazırda Azərbaycanda iki mindən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalmış insan var. Aksiyada iştirak edənlər də qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün könüllü qan verməyin xeyirxah və savab iş olduğunu bildiriblər.
Müəyyənləşdirilmiş cədvəl üzrə “Azəryolsevis” ASC-nin digər şəhər və rayonlarında yerləşən idarələrində də qanvermə aksiyası keçiriləcək. Ümumiyyətlə, cəmiyyət tərəfindən belə xeyriyyə tədbirlərinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.