İQTİSADİYYAT
“Azexport” portalı və “GS1 Azərbaycan” yeni mobil tətbiq işə salıb
Bakı, 4 aprel, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport” portalının dəstəyi ilə yeni mobil tətbiq işə salınıb.
İİTKM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mobil tətbiq “GS1 Azərbaycan”ın məlumat bazasında və “Azexport” portalında qeydiyyatda olan məhsulların xüsusiyyətləri və istehsalçıları barədə məlumat almaq imkanı verir.
Xarici bazarlarda ştrix-kodlar məhsulların keyfiyyətinin qoruması, təchizat zəncirinin idarə edilməsi və digər e-commersin tətbiqi baxımından əhəmiyyətli rol oynayır. Bu məqsədlə “Azexport” “GS1 Azərbaycan”la bir sıra birgə layihələr üzərində işləyir.
“GS1 Azərbaycan” mobil tətbiqi mobil cihaz vasitəsilə məhsulların üzərində yerləşdirilən ştrix-kodları skan edir və baza üzrə axtarış imkanı verir. GS1 bazasında aşkarlanmayan məhsulun saxta olduğunu və ya qeydiyyatdan keçmədiyini ehtimal etmək mümkündür.
Bunun üçün Android və ya İOS tətbiqi yükləyərək məhsulun üzərindəki barkodu cihazın kamerası ilə skan etmək kifayətdir.
Növbəti mərhələdə təqdim ediləcək həll “Made in Azerbaijan” məhsullarını saxtalaşdırmadan tamamilə qorumağa imkan yaradacaq. Blokçeyn texnologiyasına əsaslanan həll hər hansı bir məhsulun saxtalaşdırılmasını mümkünsüz edəcək.
Qeyd edək ki, yeni mobil tətbiq “GS1 Azərbaycan”, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə və “Azexport” portalının texniki dəstəyi ilə hazırlanıb.
Mobil əlavə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://play.google.com/store/apps/details?id=com.gsnew
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.