İQTİSADİYYAT
“Azexport.az” portalı Beynəlxalq Ticarət Mərkəzi ilə birgə təlim keçirib
Bakı, 17 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Azexport.az” portalının Beynəlxalq Ticarət Mərkəzi (ITC) ilə birlikdə “Ticarətə hazır” layihəsi çərçivəsində ilk onlayn təlimi baş tutub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, təlimin ilk günündə ITC-nin eksperti Muhamed Es Fih tərəfindən iştirakçılara Azərbaycan sahibkarlarının beynəlxalq elektron ödəniş sistemlərinə inteqrasiyası, həmçinin beynəlxalq ödəniş platformalarında hesabların açılması üçün tələb olunan sənədləşmə qaydaları və elektron pul kisələrindən istifadənin üstünlükləri barədə məlumatlar tədris olunub.
Qeyd edək ki, təlim “Zoom” tətbiqi vasitəsilə onlayn olaraq həyata keçirilir. Təlimin növbəti günü - iyunun 19-u saat 16:00-da “WordPress/WooCommerce” tətbiqləri vasitəsilə elektron ticarət platformasının yaradılmasına dair praktik biliklər tədris olunacaq.
Ümumi layihə üzrə 70 faizdən çox iştirak göstəricisi olan şəxslər sonda sertifikatla təltif ediləcək.