İQTİSADİYYAT
“Azexport.az” portalına 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub
Bakı, 30 avqust, AZƏRTAC
2019-cu ilin yanvar-iyul aylarında “Azexport.az” portalına 346,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 30-da İqtisadi İslahatlar Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) keçirilən mətbuat konfransında İİTKM-in departament rəhbəri Ramil Hüseyn deyib.
O bildirib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyul aylarında ixrac sifarişləri 10 faiz artıb. 2019-cu ilin iyulunda isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 43,5 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 40 faizlik artım qeydə alınıb. 2019-cu ilin yanvar-iyul aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,1faiz), Türkiyə (6,4 faiz), ABŞ (6 faiz), Hindistan (5,7 faiz) və İngiltərə (4,8 faiz) qərarlaşıb.
Bu ilin iyulunda “Azexport.az” portalına ən çox ixrac sifarişi pambıq, pomidor, fındıq ləpəsi, alma, tütün, toyuq yumurtası, şərab, qənnadı məhsulu, kosmetik vasitə, çay, tikinti materialı, mühərrik yağı, bal, boya, meyvə kompotu, nar məhsulları, yun, mebel dəsti, mineral su və sair mallarla bağlı olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin iyulun 31-nə kimi (31 ay ərzində) “Azexport.az” portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 336 milyon ABŞ dolları təşkil edib.