ELM VƏ TƏHSİL


Azıx mağarasına həsr olunmuş monoqrafiya çapdan çıxıb

Bakı, 19 oktyabr, AZƏRTAC

AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru, professor Əsədulla Cəfərovun rəhbərliyi altında M.M.Hüseynov, S.D.Əliyev, A.A.Veliçko, D.V.Hacıyev, Ə.Q.Cəfərov, Ə.V.Məmmədov, M.B.Süleymanov, N.B.Şirinovun müəllifliyi ilə “Azıx mağarası: Azərbaycan ərazisində ən qədim ibtidai insan düşərgəsi” adlı monoqrafiya rus dilində çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada 1960-1986-cı illərdə aparılmış arxeoloji tədqiqatlar zamanı tapılmış maddi-mədəniyyət qalıqları tədqiq olunub, Azıx paleolit düşərgəsindən tapılmış Quruçay, Qədim Aşel, Orta Aşel, Mustye mədəniyyətinə aid daş məmulatının texniki-tipoloji xüsusiyyətləri müəyyən edilib. Eyni zamanda, monoqrafiyada düşərgənin stratiqrafiyası, heyvanat aləmi, bitki örtüyü və digər cəhətlər tədqiq olunub. Maddi-mədəniyyət qalıqlarında arxeologiya, paleontologiya, paleoantropologiya, paleocoğrafiya, paleogeomorfologiya və digər elm sahələrinə aid arxeoloji faktlar var. Məhz buna görə də dünyanın tanınmış arxeoloqları Azıxdan tapılmış maddi-mədəniyyət qalıqlarının tədqiqinə və təbliğinə yüksək qiymət verirlər.

Monoqrafiya 10 fəsil, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, Azərbaycan və ingilis dillərində xülasə, fotoşəkillər və əmək alətlərinin qrafik şəkillərindən ibarətdir. Nəşrdə qazıntıların kompleks şəkildə elmi nəticələri şərh olunub. Kompleks tədqiqatlar zamanı məlum olub ki, Azıx düşərgəsindən tapılmış arxeoloji, paleontoloji, paleocoğrafi, paleogeologiya və digər tapıntılar daş dövrünün ayrı-ayrı arxeoloji mədəniyyətlərini öyrənmək üçün ən zəngin maddi-mədəniyyət əsaslarına malikdir. Azıx düşərgəsinin 14 metrdən artıq çöküntülərində 10 arxeoloji təbəqə qeydə alınaraq tədqiq olunub. Düşərgənin stratiqrafiyasından arxeoloji və fauna qalıqları ilə yanaşı, ocaq qalıqları, ibtidai tikili yeri və digər tapıntılar əldə olunub. I və II təbəqələrdə arxeoloji qazıntılar zamanı eneolit, tunc, antik və orta əsrlərə aid maddi-mədəniyyət qalıqları tapılıb. III təbəqədə Mustye mədəniyyətinə aid maddi-mədəniyyət qalıqları aşkarlanıb. IV təbəqə, qazıntılar zamanı nümunələr tapılmadığı üçün “lal təbəqə” adlanır. V təbəqədə Orta Aşel mədəniyyətinə aid, VI təbəqədə Qədim Aşel, VII-X təbəqələrdə isə Quruçay mədəniyyətinə aid arxeoloji və paleontoloji tapıntılar əldə olunub. Monoqrafiyada ayrı-ayrı arxeoloji mədəniyyətlərin xarakterik xüsusiyyətləri, əmək alətlərinin texniki-tipoloji cəhətləri dünyanın digər abidələri sırasında Azıx düşərgəsinin tutduğu yer və digər xüsusiyyətlər geniş şərh olunub. Düşərgədən tapılmış milyondan artıq heyvan sümükləri əsasında Paleolit dövrünün heyvanat aləmi, eləcə də paleocoğrafiyası kompleks şəkildə tədqiq olunub.

Tədqiqat zamanı məlum olub ki, Qarabağın dağlıq ərazisində ən qədim zamanlarda təbii kars mağaraları əmələ gəlib. Məhz buna görə Azərbaycanın ilk sakinləri hələ 2,5 milyon il əvvəl Qarabağın Quruçay sahillərində və Azıx mağarasında məskunlaşmağa başlamışlar. Ən qədim zamanlardan Qarabağın Quruçay və Köndələnçay vadilərində əlverişli təbii coğrafi şərait mövcud olub. Hələ 2-3 milyon il əvvəl Quruçay vadisində mülayim iqlim şəraitində çoxlu heyvanlar yaşayıb. Eyni zamanda, Quruçay vadisi, Azıx və Tağlar paleolit düşərgələri yerləşən ərazidən ibtidai insanlar əmək alətləri hazırlamaq üçün xammal mənbəyi kimi istifadə ediblər. Quruçay vadisində və həmçinin Tuğ çökəkliyində kvars, kvarsit, bazalt, felzit, yaşma, çaxmaq, dəvəgözü və s. daşları mövcud olub.

Azıx paleolit düşərgəsinin VII-X təbəqələrində aparılan arxeoloji qazıntılar zamanı 300-dən artıq daş məmulatı və bir neçə ədəd ovlanmış heyvan sümüklərinin qalıqları tapılıb. Ən aşağı təbəqələrin daş məmulatı içərisində kobud əl çapacaqları, kubvari alətlər, kobud qaşovlar və vurma səthi yaxşı saxlanmış qəlpələr də qeydə alınıb. Azıx paleolit düşərgəsində təbəqələrin yerləşmə səviyyəsindən asılı olmayaraq VII-X təbəqələrin daş məmulatı eyni texniki üsulla hazırlanıb. Bu xüsusiyyətlər əmək alətlərinin ümumi görünüşündə ərplə örtülməsindən asılı olmayaraq saxlanılma dərəcəsində, texniki və tipoloji əlamətlərində özünü göstərir. Qədim Azıx düşərgəsinin ulu sakinləri əmək alətlərini hazırlamaq üçün təbii çay daşlarını Quruçaydan toplayıb mağaraya gətiriblər. Eyni zamanda, Azıx düşərgəsinin ibtidai sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla məşğul olublar. Quruçay vadisində ibtidai insanların yaşaması üçün bütün zəruri nemətlər mövcud olub.

Düşərgədə aparılan elmi tədqiqatlar zamanı müəyyən olunub ki, Quruçay mədəniyyətinin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində isə onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanıb.

Azıx paleolit düşərgəsinin V təbəqəsinin IV layında aparılan arxeoloji tədqiqatlar zamanı daş məmulatı və fauna qalıqları ilə yanaşı, qədim insana məxsus çənənin tapılması mühüm əhəmiyyətə malikdir. Çünki 1968-ci ilə qədər keçmiş SSRİ ərazisində Orta Aşel mədəniyyətinə aid paleoantropoloji tapıntı qeydə alınmamışdı. Azıx düşərgəsinin Orta Aşel mədəniyyətinə aid tapılmış qədim insan çənəsinin iri olması açıq nəzərə çarpır və gövdəsi nisbətən qalındır. Bu baxımdan Azıxdan tapılmış çənə avstrolopitekdən fərqlənir və müəyyən əlamətlərinə görə arxantroplar arasında özünəməxsus yer tutur. Azıx düşərgəsinin Orta Aşel dövrünə aid təbəqəsindən tapılmış çənəyə şərti olaraq azıxantrop, yəni “Azıx adamı” adı verilib. Azıx qədim insan düşərgəsindən tapılmış qədim insan çənəsi spesifik quruluşuna əsasən bir tərəfdən pitekantroplara, xüsusilə Almaniyadan tapılmış Mauer adamının çənəsinə, digər tərəfdən bir çox əlamətlərinə görə Fransanın Kondel-Araqo düşərgəsinin Aşel təbəqəsindən tapılmış preneandertallara daha yaxındır. Azıxdan tapılmış qədim insan çənəsi 30-35 yaşlı qadına məxsusdur.

Kompleks tədqiqatlar zamanı müəyyən olunub ki, Azıx özünün stratiqrafiyası, arxeoloji tapıntıları, fauna qalıqları və paleoantropoloji tapıntılara görə hələlik dünyada yeganə çoxtəbəqəli paleolit düşərgədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.