REGİONLAR
Əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik – Şuşalıların 28 illik Vətən nisgili sevinc hissləri ilə əvəzlənib FOTO VİDEO
İmişli, 9 noyabr, A.Yavər, AZƏRTAC
28 il Şuşasız yaşayan şuşalıların vətən nisgili sevinc hissləri ilə əvəz edilib. Noyabrın 8-i Azərbaycan tarixinə yazılan qürur günümüz olaraq yaddaşlara həkk edildi. Müzəffər Ordumuz Şuşanı düşmən tapdağından azad etdi.
Doğma yurdundan köçkün düşən şuşalılar indi torpaqlarının azad olunmasının sevincini yaşayırlar. Şuşadan olan 33 ailə bu 28 il ərzində İmişlidə məskunlaşıb. AZƏRTAC-ın müxbiri həmin ailələrin bir neçəsində qonaq olub, şuşalıların sevinc hisslərini bölüşüb.
1992-ci il mayın 8-də Şuşanı son tərk edən sakinlərdən biri də Azər Məhərrəmov olub. Şuşanı yaralı halda tərk etməli olan müsahibimiz söyləyir ki, Şuşa şəhərinin Xəlfəli kəndində anadan olub. 8 illik məktəbi kənddə bitirdikdən sonra iki il təhsilini Şuşada davam etdirib. Hərbi xidmətdən qayıtdıqdan sonra Şuşada tar sexində çalışıb. “Döyüşlər 1988-ci ildə başladı, sonra müharibənin qızğın vaxtlarında uşaqlarımı Ağdama gətirdik, özümüz isə Şuşaya qayıtdıq. Sonuncu dəfə 1992-ci il mayın 8-də Şuşada oldum, yaralı idim. Mənimlə birlikdə dostlarım vardı, onlardan bugünə qədər də xəbərim yoxdu. Biz köçkün düşdükdən sonra İmişlidə məskunlaşdıq, amma hər zaman inanırdım ki, o gözəl Şuşamız işğaldan azad ediləcək. Həmin şanlı tarix isə noyabrın 8-də yazıldı. Buna görə Ali Baş Komandana, ordumuza minnətdarıq ki, bu gözəl hissləri bizlərə yaşatdı”, - deyə o qeyd edib.
Şuşanı hələ uşaqkən tərk edən Rəşad Məhərrəmov isə bu qədim şəhərdə yarım qalan uşaqlıq xatirlərini dilə gətirib: “Şuşadan çıxanda 8 yaşım vardı. Biz o vaxtı öncə Ağdama gəldik, sonra İmişlidə məskunlaşdıq. Orada oxduğum məktəb, evimiz, həyətimiz hər biri gözümün önündədir, hətta bizim evə yaxın “fındıqlı dərə” deyilən yer vardı, oraya gedib fındıq toplayardıq. Bu 28 ildə bütün xatirələrim yarımçıq qalmışdı, lakin Şuşamızın azad edilməsi xəbəri bu xatirələrə sanki bir can verdi. Bu zəfər yürüşü nəticəsində, həmçinin şəhidlərimizin qisası alındı. Şəhid valideynləri önündə baş əyirəm”.
1992-ci ildən Vətən həsrəti ilə yaşayan və bu gün sevinc göz yaşları içində olan Kəmalə Məhərrəmova hisslərini belə ifadə edib: “Bizim bu gün ən sevincli anımızdı. Çünki bizim Vətən nisgilimiz başa çatdı, 8 noyabr tariximizə gözəl bir gün olaraq düşdü. Ali Baş Komandan bu xəbəri açıqlayanda sevincimin həddi-hüdudu olmadı. Mən Şuşadan çıxarkən kədər göz yaşları ilə çıxmışdım, lakin Şuşama sevinc göz yaşlarımla qayıdacağam. Orada bizim ata-babamızn məzarı qalıb, onları ziyarət edərkən, öz elimizə-obamıza qayıtdıqda 28 illik kədərlərimiz silinib yox olacaq”.
28 ildir Şuşasız qalan Tamella Abdullayevanın da gözlərindəki kədər yaşı sevinc göz yaşları ilə əvəz olunub. Deyir ki, Şuşanı tərk edən gündən bu günə qədər nə zaman dağ görsəydi, gözləri dolardı. “Çünki gözəl Şuşamızı xatırlayırdım. Bu gün o 28 illik kədər başa çatdı. Müzəffər Ali Baş Komandan bu xəbəri açıqlayanda hiss etdim ki, həyatımda ilk dəfə belə bir sevinc hissi yaşayıram. Bu gözəl hisslərə görə Ali Baş Komandana və rəşadətli ordumuza təşəkkür edirəm. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Bir daha bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimi birdir və bu birliyə görə, gözəl hisslərə görə deyirəm ki, sağ ol cənab Prezident! Dövlətimizin başçısının da dediyi kimi, əziz Şuşa, sən bizimsən, sən azadsan, biz qayıtmışıq, biz səni dirçəldəcəyik!”