SİYASƏT


Əzizağa Qənizadə: Azərbaycan Ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir

Bakı, 16 yanvar, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələri aprel döyüşlərində işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirib erməniləri qaçmağa məcbur edərək həm işğal altında olan torpaqlarımızın bir hissəsini azad etdi, həm də düşmənin döyüş ruhunu sarsıtdı. Bununla da Azərbaycan xalqı torpaqlarımızın işğal altında qalması ilə heç vaxt barışmayacağını bir daha dünyaya bəyan etməklə yanaşı, sübut etdi ki, ərazilərimizi hərb yolu ilə azad etməyə tam qadirdir.

Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib.

Ə.Qənizadə bildirib ki, aprel döyüşlərindən bir müddət sonra aldığı şokdan qismən özünə gələn erməni silahlı birləşmələri yenidən mütəmadi olaraq, atəşkəs rejimini pozmağa davam edir. Bununla onlar öz xalqının və dünya ictimaiyyətinin rəyini dəyişdirməyə çalışır, sübut etmək istəyirlər ki, guya orduları hansısa gücə sahibdir.

Amma bu, heç də belə deyil. İşğalçılıq siyasəti yürütməkdə davam edən Ermənistanın ordusunun döyüş ruhu elə sarsıdılıb ki, hətta ölkənin bəzi deputatları da bu münaqişəyə yeni prizmadan yanaşılmasını parlamentdən tələb edirlər. Belə ki, vitse-spiker Ermine Naqdalyan Ermənistan parlamentində çıxışında etiraf etmişdi: “Hazırda nəzarətimizdə olan torpaqları nə zamansa azad etməli və oradan çəkilməliyik. Ya torpaqları qaytarmalıyıq, ya da qan töküb aldığımız torpaqları qanımızı töküb alacaqlar”.

Ermənistan ordusunun cəbhə xəttində iri çaplı ağır silahlardan da istifadə etməklə vəziyyəti yenidən gərginləşdirməsi, atəşkəs rejimini pozması, təxribatlar törətməsi ona gətirib çıxaracaq ki, Azərbaycan aprel döyüşlərinə bənzər addımlar atmaqla cavab tədbirləri görəcək. Ermənilər tam aydınlığı ilə dərk etməlidirlər ki, artıq onların təxribatları cavabsız qalmayacaq. Əksinə, ordumuzun cavab zərbələri daha sarsıdıcı olacaq. Bunun üçün ordumuz lazımi qədər gücə, qüdrətə sahibdir və Azərbaycan Ordusu cəbhə xəttində kifayət qədər üstünlüyə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.