REGİONLAR


“Azmonbat” MMC qeyri-neft sektorunda istehsal gücünün artırılmasında önəmli rola malik olacaq

Sumqayıt, 6 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Prezident İlham Əliyev Sumqayıta hər zaman diqqət və qayğı ilə yanaşıb. Məhz dövlət başçısının tapşırığına əsasən, şəhərdə qeyri-neft sektorunun çox güclü bazası yaradılıb. Son onillikdə ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından Sumqayıtın ayrı yeri var. Xüsusilə, ağır sənaye sahələrinin inkişafı istiqamətində Sumqayıtdakı sənaye sahələrinin müasir texnologiyalarla təmin edilməsində, yüksək tələbatın olduğu kimya və elektromexanika məhsullarının istehsalında Sumqayıt Kimya Sənaye Parkının rolu böyükdür.

Bu sözləri AZƏRTAC–a açıqlamasında iqtisadçı alim Şəfa Əliyev bildirib.

O, Sumqayıtın ölkənin ən vacib sənaye mərkəzlərindən birinə çevrildiyini qeyd edib: “Sumqayıt SSRİ-nin sənaye mərkəzlərindən biri sayılırdı. Lakin zaman göstərdi ki, iqtisadi təhlükəsizlik baxımından yeni yanaşmalar lazımdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu yanaşmalar həyata keçirilməkdədir. Sumqayıtda ənənəvi metallurgiya, cihazqayırma sahələrinin inkişafı bu gün də davam etdirilir. Lakin diqqətçəkən məqam inkişafın ən son texnologiyalarla dəstəklənməsidir. Dünyanın bu sahədəki öncül şirkətləri həmin prosesə cəlb olunub. Bunun nəticəsidir ki, regionda ilk texnopark məhz Sumqayıtda açıldı. Ölkənin əsas sənaye gücü Sumqayıtdakı Kimya Sənaye Parkının bazasında formalaşdı. Bu baxımdan Prezident İlham Əliyevin Sumqayıta səfəri çərçivəsində Kimya Sənaye Parkında açılış mərasimi keçirilən “Azmonbat” MMC qeyri-neft sektorunda istehsal gücünün artırılmasında önəmli rola malik olacaq”.

Şəfa Əliyev qeyd edib ki, Azərbaycanda beş sənaye parkı fəaliyyət göstərir. Lakin Sumqayıt Kimya Sənaye Parkı həm yeni idarəetmə forması, həm də yeni infrastrukturun yaradılması ilə regionda analoqu olmayan müəssisədir. Bu mərkəzdə investorlar üçün lazımi şərait təmin edilib. Yaradılan şərait investisiya yatırmağa və müasir texnologiyalara əsaslanan mərkəzlər tikməyə imkan verir. Yüksək texnologiyalar və idarəetmə, qeyri-neft sektorunda istehsal güclərinin birləşdirilməsi baxımından Sumqayıtda görülən işlər böyük əhəmiyyət kəsb edir.

“Hazırda dünyada pandemiya şəraiti davam edir, iqtisadi aktivlik aşağı düşüb, insan resurslarının fəaliyyətində müəyyən məhdudiyyətlər var”, deyən ekspert, buna baxmayaraq, ölkəmizdə qeyri-neft sənayesi sahəsində məhsul istehsalının azalmadığın vurğulayıb. Xüsusilə, qeyri-neft sənayesinin mərkəzi hesab edilən Sumqayıtda istehsal edilən məhsullar qeyri-neft ixracının artmasına da səbəb olub.

“Pandemiya dövründə qeyri-neft sektorunun inkişafına dövlət başçısının xüsusi diqqəti ölkə iqtisadiyyatının strukturunun təkmilləşdirilməsinə, neftdən asılılığın azaldılmasına böyük töhfə verib. Bunun nəticəsində hər il qeyri-neft sektoru ölkə iqtisadiyyatında öz payını artırmaqdadır”, deyə o əlavə edib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.