İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyində əməyin mühafizəsi diqqətdə saxlanılır
Bakı, 22 noyabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyində (İB) sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması diqqətdə saxlanılır.
Birlikdən AZƏRTAC-a bildirilib ki, “Azneft”də “Təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi” mövzusunda keçirilən seminarda İB-nin mütəxəssisləri, struktur bölmələrinin nümayəndələri, əməyin mühafizəsi xidmətlərinin rəhbər və mühəndis texniki işçiləri iştirak edib.
“Azneft”in baş direktorun əməyin mühafizəsi üzrə müavini Cəlair Səmədov cari il ərzində əməyin mühafizəsi sahəsində aparılmış araşdırmaların nəticələri barədə ətraflı məlumat verib, məlumatların yığılması, təhlili, risklərin ölçülməsi üsullarından danışıb.
C.Səmədov “işlərinizi planlayın, planlarınızı işləyin” devizinin bütün işçilər tərəfindən mənimsənilməsinin vacibliyini vurğulayıb. O, işlərin icrası zamanı iş planının mütləq işçinin üzərində olmalı olduğunu bildirib: “Əgər iş prosesi zamanı hər hansı xoşagəlməz hadisə baş verərsə, işçi iş planına uyğun olaraq riskləri dəyərləndirib və qabaqlayıcı tədbirlər görməlidir”.
O, “Azneft” İstehsalat Birliyində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasının, işçilər arasında təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinin əhəmiyyətindən danışıb, bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib.
Daha sonra sonra istehsalat sahəsində dünya ölkələrində baş vermiş hadisələr haqqında məlumat verilib, bu hadisələrin başvermə səbəbləri müqayisəli şəkildə təhlil olunub.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, mütəxəssisləri maraqlandıran suallar cavablandırılıb.