İQTİSADİYYAT
“Azneft” İstehsalat Birliyində informasiya texnologiyalarının tətbiqi genişləndirilir
Bakı, 24 sentyabr, AZƏRTAC
“Azneft“ İstehsalat Birliyində (İB) “SAP ERP” sisteminin istehsalat modulu olan “SAP UOM”un istifadəsinin genişləndirilməsinə həsr olunan iclas keçirilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərov layihənin məqsəd və əhəmiyyətindən bəhs edib. O, iqtisadi idarəetmə sistemində maliyyə və uçot məsələlərinin, sənəd dövriyyəsi və istehsalı sahəsində idarəetmənin, texnoloji proseslərə nəzarətin, eləcə də texnoloji məsələlərin avtomatlaşdırılmış sistemlərinin yaradılması işlərinin uğurla həyata keçirilməsindən danışıb.
Bildirib ki, son illər Azərbaycan neft sənayesinin maddi-texniki bazası gücləndirilib, mütərəqqi texnologiyaların, o cümlədən müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi geniş vüsət alıb. SOCAR-ın son illərdə bu sahədə əldə etdiyi uğurlardan danışan D.İskəndərov şirkətdə beynəlxalq standartların tətbiqinin uğurla həyata keçirildiyini vurğulayıb, “SAP ERP” sisteminin əhəmiyyətini qeyd edib.
İclasda “SAP” proqramının və onun müxtəlif modullarının tətbiqi üzrə əldə olunmuş təcrübədən söhbət açılıb. Qeyd olunub ki, birlik üzrə “SAP ERP” sisteminin PS, PM, HR, Fİ, MM/SD, CO, CO_PA modulları eləcə də, SAP UOM modulunun tətbiq edilməsində əsas məqsəd avtomatlaşdırma yolu ilə quyu əməliyyatlarına operativ nəzarət edilməsidir. “SAP UOM” modulunun “28 May” və “Bibiheybətneft” neft və qazçıxarma idarələrində (NQÇİ) tətbiqi haqqında məlumat verilib, birlik üzrə insan resurslarının idarə olunması və uçotunun aparılması məqsədilə “SAP ERP” sisteminin HR modulunun tətbiqi barədə müzakirələr aparılıb. Bu sistemin modullar üzrə yeniliklərin tədrisi ilə əlaqədar təlimlərin keçirilməsi qərara alınıb, aidiyyəti mütəxəssislərə müvafiq tapşırıqlar verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.