İQTİSADİYYAT
“Azneft”in işçiləri əmək haqlarının 10 faizini “YAŞAT” Fonduna köçürür
Bakı, 8 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanına əsasən, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu - “YAŞAT” Fondu yaradılıb. Respublikamızın ictimai həyatında daim yaxından iştirak edən SOCAR-ın “Azneft” İstehsalat Birliyinin aparatının əməkdaşları fondun fəaliyyətinə öz töhfələrini vermək qərarına gəliblər.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, onların təklifləri və idarəetmə aparatı Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsünü nəzərə alan birlik rəhbərliyi “YAŞAT” Fonduna aparat əməkdaşlarının (şəhid ailələrinin üzvləri, qazilər, hazırda döyüş bölgəsində olanlar istisna edilməklə) 2020-ci ilin dekabr ayı üzrə vəzifə maaşlarının 10 faizi həcmində maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab edib.
Qeyd edək ki, 2020-ci ildə COVID-19-la mübarizə çərçivəsində koronavirusla mübarizəyə dəstək fonduna SOCAR işçiləri tərəfindən 1 milyon manatdan çox vəsait köçürülüb. Həmçinin SOCAR-ın müxtəlif strukturlarının əməkdaşları koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına ciddi əməl olunmaqla “Evdə qal!” kampaniyası çərçivəsində paytaxtın müxtəlif rayonlarında, eləcə də ölkənin müxtəlif bölgələrində yardım kampaniyalarında iştirak edərək ahıllara, aztəminatlı ailələrə ərzaq yardımları göstəriblər.
Vətən müharibəsi zamanı SOCAR tərəfindən 17 milyon manat məbləğində, həmçinin işçilərinin könüllü fərdi ianələri nəticəsində toplanan 5 milyon manata yaxın məbləğ isə Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna köçürülüb.