İQTİSADİYYAT


“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqlayıb

Bakı, 27 may, AZƏRTAC

“Azpetrol” şirkəti 25 illik fəaliyyətinin nəticələrini açıqlayıb.

AZƏRTAC “Azpetrol” şirkətinin baş direktoru Ceyhun Məmmədovun bununla bağlı müsahibəsini təqdim edir.

- “Azpetrol” şirkəti 25 ilə yaxındır ki, bazardadır. Bu müddət ərzində şirkət Azərbaycanda ən böyük yanacaqdoldurma məntəqələri şəbəkəsinə çevrilməyi bacarıb. Bilmək istərdik ki, hazırda “Azpetrol” şəbəkəsinə neçə yanacaqdoldurma məntəqəsi daxildir?

- Bəli, “Azpetrol” şirkəti artıq 25 ildir ki, Azərbaycanın yanacaq bazarında fəaliyyət göstərir. Bu il biz yubileyimizi qeyd edirik. Şirkətimizin ilk yanacaqdoldurma məntəqəsi - “Spartak”, 1997-ci il iyulun 15-də Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, 1013-cü məhəllə ünvanında açılıb. Azərbaycanın iqtisadi məkanına daxil olan “Azpetrol” şirkətinın əsas fəaliyyəti yanacağın pərakəndə və topdan satışını həyata keçirməkdən ibarətdir. Respublikada yanacaq bazarı həcminin əhəmiyyətli hissəsi şirkətimizin payına düşür. Azərbaycanın ən böyük yanacaqdoldurma şəbəkəsi olan “Azpetrol” şirkətinin hazırda ölkəmizin əksər iqtisadi zonalarında ümumilikdə 91 yanacaqdoldurma məntəqəsi, 3 maye qazdoldurma (propan-butan) məntəqəsi, ictimai nəqliyyatda sərnişindaşımaya xidmət edən 1 sıxılmış təbii qaz terminalı, yanacaq məhsullarının saxlanılması üçün 3 neft bazası, yanacaqdaşıyan maşınlar üçün avtobaza, yanacağın yanacaqdoldurma məntəqələrinə fasiləsiz daşınmasını təmin etmək üçün 100 ədəd nəqliyyat vasitəsi, minik maşınları üçün avtosahə mövcuddur. Fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində 4 sıxılmış təbii qazdoldurma postu, 2 maye qazdoldurma postu və 17 elektromobillərin enerji ilə doldurulma postu, 8 motel, eyni zamanda, müxtəlif xidmətlərin göstərilməsi üçün əksər məntəqələrdə iaşə obyektləri (kafe, avtoyuma, market) fəaliyyət göstərir.

- Şəbəkənin genişləndirilməsi ilə bağlı qısa və uzunmüddətli planlar hansılardır?

- Təbii ki, sloqanı “Daim inkişafa doğru!” olan şirkətin strateji inkişaf planı, yalnız irəli və yalnız inkişafa aparan uğurlara hesablanıb. Şirkətimiz hələ 25 il əvvəl yarandığında o zaman üçün ən müasir avadanlıqlarla təchiz olunub. Bu tendensiya indi də davam edir, avadanlıqlar müasirləşdikcə, “Azpetrol” şirkətinin şəbəkə xidməti istifadə etdiyi avadanlıqları və xidmət növlərinin çeşidlərini və keyfiyyətini artırır. Şirkətimiz tərəfindən aparılan bazar araşdırmalarının nəticələrinə uyğun olaraq, hazırda tərəfimizdən əhatə olunmayan digər ərazilərdə də yeni və ən müasir standartlara uyğun olan yanacaqdoldurma məntəqələri istismara veriləcək.

Onu da qeyd etmək istərdim ki, ictimai nəqliyyatın keyfiyyətinin yüksəldilməsinə öz töhfəsini vermək məqsədilə, 2021-ci il aprelin 4-də “BakuBus” MMC-nin avtobus dayanacağında STQ (Sıxılmış Təbii Qaz – CNG) terminalı, bu il fevralın 22–də isə “Xaliq Faiqoğlu” MMC-nin avtobus bazasında yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib. Bu obyektlərin istismara verilməsində məqsəd, ictimai nəqliyyatda sərnişindaşımanın fasiləsiz və keyfiyyətli fəaliyyətinə dəstək olmaqdır.

Nəzərinizə çatdırım ki, şirkətimiz qazandığı nailiyyətlər və bazarda əldə etdiyi şəbəkə sayına görə liderlik mövqeyinı daha da möhkəmləndirmək niyyətindədir. Belə ki, iyul ayında “Azpetrol” şirkətinin Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni yanacaqdoldurma məntəqəsinin tikintisi başa çatdırılıb istismara veriləcək, iyun ayında isə Ağcabədi rayonunda yeni yanacaqdoldurma məntəqəsinin tikintisinə başlanılacaq.

Bundan əlavə, “Azpetrol” şirkəti şəhərimizin turizm potensialını, o cümlədən paytaxtımızda keçirilən beynəlxalq tədbirlər fonunda günbəgün artan tələbi nəzərə alaraq, ilk dəfə olaraq 2022-ci ilin sonunda Nizami rayonu, Mikayıl Əliyev 24/05 ünvanında 6 mərtəbəli, 89 otaq tutumlu Hotel, SPA və İdman mərkəzini istifadəyə verəcək. Bununla da, şirkətimiz növbəti ilkə imza atacaq.

- Bildiyimizə görə, “Azpetrol” şirkəti 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ və 2011-ci ildən isə “Petrol Plus Online” proqramlarının tətbiqinə başlayıb. Hazırda “Azpetrol” şirkətinin dövriyyədə olan kartları və eyni zamanda, ümumilikdə nağdsız hesablaşmalar üzrə aparılan işlər barədə hansı məlumatları verə bilərsiniz?

- Qeyd etmək istərdim ki, respublikada ilk dəfə olaraq yanacağın onlayn sistem vasitəsilə satışı məhz “Azpetrol” şirkəti tərəfindən tətbiq olunub və bu praktika nəticəsində kifayət qədər uğurlu nəticələr əldə edilib. Hazırda dövriyyədə şirkətimizin 150 mindən artıq yanacaq smart kartı və bu kart sistemini dəstəkləyən daxili prosessinq mərkəzi mövcuddur. Bu rəqəm günbəgün artır.

2016-ci il 23 dekabr tarixli “Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının Qanunu”, eləcə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi nağdsız ödənişlər dövriyyəsinin artırılması siyasətinin tələblərinə uyğun olaraq, “Azpetrol” şirkəti bu sahədə daim işlər aparır, nağdsız hesablaşmaları stimullaşdırmaq məqsədilə müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təklif edir.

Müştəri məmnuniyyəti səviyyəsinin yüksək saxlanılması məqsədilə, “Azpetrol” şirkəti, Azərbaycanda yanacaqdoldurma məntəqələri arasında ilk dəfə olaraq 2017-ci ilin sentyabr ayından “Hədiyyə kartlarının” tətbiqinə başlayıb. Bu kartlar 50 AZN və 100 AZN nominaldadır və sürücülər üçün ideal hədiyyədir. Şirkətimiz hazırda müştərilərə təqdim ediləcək yeni, daha müasir və daha innovativ layihələrin üzərində iş aparır.

Onu da vurğulamaq istərdim ki, şirkətimizin ümumi satış dövriyyəsinin 55 faizini nağdsız hesablaşmalar təşkil edir. Respublika üzrə isə POS-terminallar üzərindən aparılan nağdsız hesablaşmaların 3 faizi “Azpetrol” şirkətinin payına düşür. 2022-ci ilin ilk 4 ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə POS-terminallar vasitəsilə nağdsız hesablaşmalarla satış həcmi 90 faizə qədər artıb. Hesab edirəm ki, bu əhəmiyyətli göstəricidir və Azərbaycanın ən iri yanacaqdoldurma məntəqələrinin şəbəkəsinə malik olan şirkət kimi, ölkəmizdə nağdsiz ödənişlər dövriyyəsinin artırılmasına töhfəmizi verməkdə davam edəcəyik.

- İşğal olunmuş ərazilərin azad edilməsi ölkə qarşısında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən bir çox vəzifələr qoyub - enerji, qaz və su təchizatı, yol infrastrukturu, tikinti layihələri və sair. Təbii ki, azad edilmiş ərazilərdə aparılan tikinti və abadlıq işləri ilə əlaqədar olaraq yanacaq məhsullarına da tələbat artır, bu işlər genişləndikcə, ərazilər inkişaf etdikcə bu ehtiyac daha da artacaq. Azad olunmuş ərazilərdə yanacaqdoldurma məntəqələrinin tikilməsi, şəbəkənin yaradılması ilə bağlı hansı planlarınız var?

- “Azpetrol” şirkəti olaraq Azərbaycanın Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər ilə qürur duyuruq. 44 günlük Vətən müharibəsində bizim şirkətimiz də şəhidlər verdi və hazırda şəhid əməkdaşlarımızın ailə üzvlərinin sosial rifahı daim diqqət və nəzarət altındadır. İşğaldan azad olunmuş ərazilərdə yeni yanacaqdoldurma məntəqələrinin tikintisi nəzərdə tutulub. Yeni məntəqələr həm ənənəvi stasionar məntəqələr, həm də şirkətimiz üçün yenilik olan səyyar (mobil) məntəqələrdən ibarətdir. Odur ki, qısa müddət ərzində azad olunmuş Qarabağ torpağında “Azpetrol” brendi öz yerini tutacaq.

- “Azpetrol” Azərbaycan bazarında iri və köklü şirkətdir. Şirkətin ölkədən kənarda, məsələn, qonşu ölkələrin birinin YDM bazarlarına çıxmaq planları varmı?

- “Azpetrol” şirkətinin ilk yarandığı gündən əsas məqsədi daxili bazarın tələbatını ödəməkdən ibarətdir. Xarici bazarlara çıxışla bağlı planlar şirkətin uzunmüddətli strategiyasında nəzərdə tutulmayıb. Qeyd etdiyim kimi, məqsədimiz Azərbaycan Respublikasının bütün ərazilərində yanacaqdoldurma məntəqələrinin yaradılması və xalqımıza keyfiyyətli xidmətin təqdim edilməsindən ibarətdir.

- Hazırda bütün dünyada ənənəvi enerji mənbələrindən tədricən imtina edilməsindən, alternativ enerji mənbələrinə keçiddən, atmosferə atılan tullantıların azaldılmasından və elektromobillərə keçiddən danışırlar. Azərbaycanda hibrid avtomobillərin mövcudluğu xeyli artıb, elektromobillərdən də artıq istifadə olunur. Bu fonda şirkət mövcud tendensiyalara və dəyişən bazar şərtlərinə necə uyğunlaşır? Zamanın tələblərinə cavab vermək üçün hansı tədbirlər həyata keçirilir?

- Bəli, bütün dünyada, o cümlədən Azərbaycanda da bu tendensiya müşayiət olunur. Ən böyük xidmət şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublikamızın ərazisində fəaliyyət göstərən 17 yanacaqdoldurma məntəqəsində elektrik doldurma stansiyaları quraşdırılıb. Nəzərinizə çatdırım ki, şirkətimiz elektromobillərə xidmət məntəqələrinin sayına görə də bazarda liderlik mövqeyini əldə edə bilib. Ümumi 17 elektrik doldurma stansiyalarının üçü regionlarda (“Şamaxı” YDM, “Kürdəmir ASAN” YDM və “Salyan” YDM) fəaliyyət göstərir. Daha bir elektrik yükləmə stansiyası “Sumqayıt-1 YDM” (Bakı-Sumqayıt yolu) ərazisində fəaliyyət göstərir. Bakıya gəldikdə isə elektromobillərə xidmət üçün 13 yükləmə stansiyası quraşdırılıb. “Azpetrol” şirkətinin strateji inkişaf planı çərçivəsində elektrik doldurma stansiyalarının sayının və əhatə dairəsinin genişlənməsi təbii ki, nəzərdə tutulub və bu planın həyata keçirilməsi ölkədə elektromobillərin sayının, yəni tələbatın artmasından asılı olacaq.

- Cəmiyyətdə həmişə müzakirə olunan mövzulardan biri yanacağın keyfiyyəti və onun qiyməti ilə bağlı məsələlərdir. Bilmək istərdik ki, bazarda mövcud yanacağın keyfiyyətini necə qiymətləndirirsiniz?

- Məlumdur ki, ölkəmizdə hazırda AI-92 markalı benzin və dizel yanacağı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) istehsal olunur və istehsal olunan yanacaq müvafiq standartlara cavab verir. Zavodun “Modernizasiyası və yenidən qurulması” layihəsi çərçivəsində hazırda NEZ ərazisində irimiqyaslı yenidənqurma və modernizasiya işləri aparılır və bütün bu işlərin nəticəsi olaraq, ölkəmizdə istehsal olunan yanacağın keyfiyyətinin daha da yüksələcəyini vurğulamaq lazımdır.

- Qiymətə gəlincə, benzin və ya dizel yanacağının qiymətinin artırılması gündəmdədir? Neft qiymətlərinin kifayət qədər yüksək olması ölkədə benzin və dizel yanacağının qiymətinin artmasına səbəb ola bilərmi?

- “Azpetrol” şirkəti Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsi olan şirkətdir. Bizim fəaliyyətimiz sürücülərə AI-92, dizel yanacağı və “Premium” markalı yanacağın satışını həyata keçirməkdən ibarətdir. Bildiyiniz kimi, AI-92 markalı və dizel yanacağının qiyməti Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən olunur, “Premium” markalı, Avropadan idxal olunan yanacağın qiyməti isə Avropa bazarlarında “Platts European Marketscan”a uyğun dəyişə bilər. Buna görə də yanacağın qiyməti ilə bağlı proqnoz vermək çətindir.

- Müştərilərlə işləmək daimi diqqət və xidmət keyfiyyətinin yüksəldilməsini tələb edən prosesdir. Yüksək keyfiyyət və xidmət biznes sahibi üçün uğurun açarıdır. Şirkətiniz xidmətlərin keyfiyyətini artırmaq üçün hansı işlər görür? Hazırda “Azpetrol”da neçə işçi çalışır? İşçilərin ixtisasının artırılması istiqamətində hansı tədbirlər görülür?

- Hazırda “Azpetrol” şirkətinin 3300-ə yaxın işçisi var. Kadr potensialının artırılması və işçilərin peşəkar bacarıqlarının inkişaf etdirilməsi şirkətimizin prioritet istiqamətlərindəndir. Şirkətin Təlim-Tədris Mərkəzinin fəaliyyəti məhz insan resurslarının daim inkişafı, müasir bilik və bacarıq standartlarına uyğunlaşdırılmasından ibarətdir. Qeyd etmək istərdim ki, bütün yeni işçilərimizin yolu Təlim-Tədris Mərkəzindən keçir. İşçilər peşə fəaliyyətlərinə uyğun olaraq təlimatlandırılır, sonra iş yerlərinə göndərilir. Bundan başqa, şirkətdə artıq bir müddət çalışan işçilərin peşə bacarıqlarının inkişaf etdirilməsi üçün mütəmadi təlimlər təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.