İQTİSADİYYAT
“Aztelekom” İstehsalat Birliyində iki yeni xidmətin təqdimatı olub
Bakı, 13 mart, Nihat Budaqov, AZƏRTAC
Martın 13-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyində (İB) “Qlobal Monitorinq Sistemi” və “585” - Daşınan şəhər telefon xidməti”nin təqdimatları keçirilib.
AZƏRTAC xəbər verir ki, İB-nin binasındakı şəraitlə tanış olan rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yeni yaradılan xidmətlər barədə məlumat verilib.
Bildirilib ki, “Qlobal Monitorinq Sistemi” - çevik müdaxilə monitorinq kompleksidir və mürəkkəb proqram aparat təminatından ibarətdir. Monitorinq sistemi çağrı mərkəzi və qeydiyyat sistemi, məlumat və telemarketinq stolu, şəbəkənin monitorinqi, 3 pilləli texniki dəstək, analiz stolu və yerli texniki dəstək kimi alt sistemləri özündə birləşdirir. Məlumat sabit və mobil telefon şəbəkəsindən 170 qısaldılmış kodu yığılaraq, bəlli nömrəyə sms göndərilərək və internet üzərindən çağrı mərkəzinə daxil edilir. Daxil olan müraciətlərin qeydə alınması və baş verən qəzaların aradan qaldırılmasını sistemləşdirmək məqsədilə xüsusi alqoritm-qəzaların aradan qaldırılması texnoloji xəritəsi işlənib hazırlanıb.
Məlumat verilib ki, “585”- Daşınan səhər telefon xidməti” vasitəsilə Bakı şəhər telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə etməklə paytaxt nömrələrinin rayonlara daşınması və abunəçilərə paylanılması mümkün olacaq. Bu məqsədlə “Aztelekom” İB-nin şəbəkəsində NGN/İMS texnologiyası ilə yeni stansiyanın qurulması nəzərdə tutulub. Yeni stansiya Bakı telefon şəbəkəsi, bütün rayon Toll stansiyaları, mobil və digər operatorların şəbəkələri ilə qarşılıqlı əlaqədə işləyəcək. Həmin stansiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ayrılmış Bakı şəhər telefon şəbəkəsinin nömrələnmə sisteminə daxil olan boş prefikslərdən istifadə olunması nəzərdə tutulub. Bununla da, hər bir istifadəçi ayda 15 manat ödəməklə ay ərzində şəbəkə daxilində pulsuz danışmaq imkanı əldə edəcək.