REGİONLAR
“Aztelekom” rabitə xidmətlərinin keyfiyyətini müəyyən etmək üçün əhali arasında sorğu keçirir
Bakı, 24 avqust, Elvira Məmmədova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir.
AZƏRTAC xəbər verir ki, bununla bağlı avqustun 24-də Abşeron rayonunun Masazır qəsəbəsinin əhalisi arasında sorğu keçirilib. KİV nümayəndələrinin iştirakı ilə keçirilən sorğu zamanı vətəndaşlar rabitə xidmətləri ilə bağlı mövcud problemlərini diqqətə çatdırıblar.
Sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunacaq. İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsini icra edən Suat Paşayev bildirib ki, sorğunu keçirməkdə əsas məqsəd rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etməkdir.
“Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas şərt kimi irəli sürüb. Nazirliyin tapşırığına uyğun olaraq, rabitə birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və daha sonra onu aradan qaldırmalıdır. “Aztelekom” MMC olaraq biz mövcud problemi vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri və ya telekommunikasiya xidmətlərindən istifadə etməməsi səbəblərini aydınlaşdıracağıq. Bu üsul problemlərin aradan qaldırılmasında bizə kömək edəcək. Sorğunun nəticələri analiz edildikdən sonra biz növbəti mərhələ olaraq problemlərin aradan qaldırılmasına çalışacağıq”, - deyə S.Paşayev əlavə edib.
Qeyd edək ki, “Aztelekom” MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr qısa müddət ərzində ictimaiyyətə açıqlanacaq.