İQTİSADİYYAT
“Aztelekom”un internet abunəçilərinin sayı 250 minə çatıb
Bakı, 24 noyabr, AZƏRTAC
“Aztelekom”un internet abunəçilərinin sayı 250 minə çatıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, regionlarda telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi üçün mühüm işlər aparılır. Nazirliyin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən regionlarda şəhər və kənd Elektron ATS-lərində müasir texnologiyalar tətbiq etməklə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi genişləndirilir, multimedia xidmətlərinin çeşidi artırılır. Əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi nəticəsində internet abunəçilərinin və telefon abunəçilərinin sayında ciddi artım müşahidə olunur.
Artıq “Aztelekom”un internet abunəçilərinin sayı 250 minə çatıb. 250 mininci istifadəçi Şəki şəhər sakini Rübabə Abdullayevadır. Bu münasibətlə ona “Aztelekom” tərəfindən noutbuk və 6 aylıq internetdən pulsuz istifadə sertifikatı təqdim olunub.
Qeyd edək ki, il ərzində multimedia xidmətlərinin genişləndirilməsi layihəsinə uyğun olaraq, “Aztelekom” MMC-nin xidməti ərazisində müasir avadanlıqlar quraşdırılıb, genişzolaqlı internet xidmətinin əhatə dairəsi genişləndirilib. Nəticədə “Aztelekom”un internet abunəçilərinin sayı 25 faiz artıb.