REGİONLAR
Aztəminatlı ailələrə “Kənd sovqat”ı çatdırılıb, şəhid və ahılların ailələri ziyarət olunub
Bakı, 29 mart, AZƏRTAC
“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı “Kənd sovqatı” layihəsinin növbəti mərhələsini həyata keçirib. Könüllülər təşkilatının “Kənd sovqatı” layihəsi çərçivəsində Azərbaycanın 10 müxtəlif regionunda 49 aztəminatlı ailəyə ərzaq yardımlarını çatdırıb, onların bayramlarını təbrik ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki illərdə olduğu kimi, bu il Novruz bayramı ilə əlaqədar Xaçmaz, Göygöl, Qəbələ, Quba, Şəmkir, Samux, Şəki, Şamaxı rayonları, Gəncə və Şirvan şəhərlərində yaşayan ailələrin ehtiyacları nəzərə alınıb, həmçinin könüllülər şəhid ailələri və ahılları ziyarət ediblər.
Qeyd edək ki, “Kənd sovqatı” “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüddətli layihələrindəndir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində indiyədək 300-dən çox ailəyə dəstək olunub.