CƏMİYYƏT


Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi üçün ödənişsiz hüquqi yardım layihəsi həyata keçirilir

Bakı, 4 oktyabr, AZƏRTAC

“Sosial hüquqların araşdırılması” İctimai Birliyi (SHAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” adlı layihəni icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi əhalinin aztəminatlı və sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqələrinin sosial hüquqlarla (əmək, tibb, sosial təminat, ailə, təhsil və s.) bağlı məlumatlandırılmasından, regionlarda “Ödənişsiz hüquqi yardım günləri”nin təşkil edilməsindən, vəkillərin, vəkilliyə namizəd olan nümayəndələrin, praktik hüquqşünasların, hüquq fakültəsi tələbələrinin, eləcə də sosial sahədə fəaliyyət göstərən QHT-lərin sosial hüquqlara dair biliklərinin artırılması üçün təlimlərin təşkilindən, sosial məsələlər üzrə hüquq klinikasında benefisiarlara ödənişsiz hüquqi yardım xidmətlərinin göstərilməsinin davam etdirilməsindən ibarətdir.

Layihə çərçivəsində sosial məsələlər üzrə hüquq klinikasının fəaliyyətinin təmin edilməsi və genişləndirilməsi, sosial qanunvericiliyə dair maarifləndirici bukletin və sosial qanunvericiliyin əsas müddəalarına dair materialların hazırlanması və benefisiarlara paylanması, Bakı və Mingəçevir şəhərlərində, Tovuz, Bərdə və Füzuli rayonlarında Ödənişsiz hüquqi yardım gününün təşkil edilməsi nəzərdə tutulub. Bununla bağlı olaraq 2022-ci il sentyabrın 30-da Bərdə rayonunda, oktyabrın 1-də isə Füzuli rayonunda Ödənişsiz hüquqi yardım günləri təşkil edilib. Tədbirlərdə əvvəlcə “Aztəminatlı ailələrin sosial hüquqlarının müdafiəsi məqsədilə ödənişsiz hüquqi yardım xidmətlərinin təşkili” layihəsinin icra vəziyyəti və sosial məsələlər üzrə hüquq klinikasına müraciətlər və onların mahiyyəti barədə məlumat verilib. Ödənişsiz hüquqi yardım günündə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev, sosial işçi Ülvi Əliyev və layihənin hüquqşünasları tərəfindən sosial müdafiəyə xüsusi ehtiyacı olan əhalinin müraciətlərinə baxılıb və müvafiq orqanlara yönəldilib. Əhalinin müraciətləri əsasən ünvanlı sosial yardımın verilməsi, alimentin ödənilməməsi, əlilliyin müəyyən edilməsi, bank krediti ödənişləri, pensiya və sosial müavinətlərin verilməsi, məşğulluq, əmək xəsarətlərinə görə ödənişlərin verilməsi və sair ilə bağlı olub. Müraciətlərə müvafiq olaraq iddia ərizələri yazılıb, hüquqi məsləhətlər verilib və zəruri hallarda inzibati orqanlara müraciətlər göndərilib.

SHAİB sosial məsələlər üzrə hüquq klinikasında sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə (ailələrə) pulsuz hüquqi yardım xidməti göstərməyini davam etdirir. Ehtiyacı olan şəxslər sosial hüquqlarının müdafiəsi ilə bağlı Bakı şəhəri Süleyman Rüstəm küçəsi 33/93 ünvanına müraciət edə və ya layihə üzrə əlaqələndirici Ülvi Əliyevlə əlaqə saxlaya bilərlər. (055 612 85 45, E-mail: [email protected])

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.