İQTİSADİYYAT
BƏƏ Rəqəmsal Ticarət Qovşağına qoşulmaqla Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında iştirak edə bilər
Bakı, 22 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına qoşulmaqla Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında və vahid rəqəmsal məkanın yaradılmasında iştirak edə bilər.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri Milli Müdafiə Kollecinin briqada generalı Salim Əl-Şamsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Vüsal Qasımlı Azərbaycanda aparılan iqtisadi islahatlar barədə qonaqlara ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan dünya okeanına birbaşa çıxışı olmayan ölkə olsa belə, 7 neft-qaz kəməri vasitəsilə təkcə özünün yox, bütövlükdə Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdılmasında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Astara-Astara kimi layihələrlə Azərbaycan “Şimal-Cənub” və “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafını sürətləndirib. İcraçı direktor Azərbaycanın yeni yaradılan Rəqəmsal Ticarət Qovşağı barədə ətraflı məlumat verib. Qeyd edib ki, bu qovşaq Böyük İpək Yolu üzrə rəqəmsal məkanın, eyni zamanda Avropa coğrafiyasında vahid elektron məkanın yaradılması baxımından mühüm əhəmiyyətə malikdir. V.Qasımlı oktyabr ayında "Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransı xatırladaraq əlavə edib ki, bu qovşaq müsəlman dünyasında elektron iqtisadiyyatın inkişafı üçün də əhəmiyyətli qurumdur.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi Təhlil və Analitik-İnformasiya Departamentinin rəhbəri Ayaz Çaparlı Azərbaycanda aparılan islahat prosesi, Strateji Yol xəritələri və hazırda həmin sənəd əsasında hazırlanan monitorinq və qiymətləndirmə ilə bağlı məlumatları əks etdirən təqdimatla çıxış edib.
Görüşdə vurğulanıb ki, Azərbaycan və BƏƏ müsəlman aləmində uğurlu iqtisadi islahatlar aparan və strateji idarəetməni tətbiq edən nümunəvi ölkələrdir. Hər iki ölkənin iqtisadi şaxələndirmə sahəsində əməkdaşlığı və təcrübə mübadiləsinin genişləndirilməsi arzuolunandır. BƏƏ-nin ixracyönümlü investisiyalarının Azərbaycanda nəqliyyat, logistika, sənaye, turizm və kənd təsərrüfatı sahələrinə daha geniş miqyasda cəlbi mümkündür. Diqqətə çatdırılıb ki, BƏƏ Azərbaycanın Rəqəmsal Ticarət Qovşağına qoşulmaqla Yaxın Şərqdə rəqəmsal geriliyin aradan qaldırılmasında və vahid rəqəmsal məkanın yaradılmasında iştirak edə bilər.
Birləşmiş Ərəb Əmirlikləri Milli Müdafiə Kollecinin nümayəndə heyəti "Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracatçılara yaradılan şəraitə tanış olublar. Bildirilib ki, Azərbaycan və BƏƏ ixracın dəstəklənməsi sahəsində toplanmış təcrübənin qarşılıqlı mübadiləsi sahəsində də əməkdaşlıq imkanlarına malikdirlər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.