SİYASƏT


BƏƏ-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü qeyd olunmuşdur

Bakı, 6 oktyabr (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyəti Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü ilə əlaqədar konfrans keçirmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə BƏƏ-də yaşayan azərbaycanlılarla yanaşı türklər, İraq türkmənləri, ictimaiyyət nümayəndələri, yerli hökumətin təmsilçiləri, o cümlədən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccar iştirak etmişlər.

“Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov çıxış edərək Azərbaycan xalqının müstəqillik mübarizəsi barədə məlumat vermiş, bu mübarizənin dövlət müstəqilliyinin bərpası ilə nəticələndiyini xüsusi qeyd etmişdir. Müstəqilliyinin ilk illərində siyasi və iqtisadi böhran, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirmiş gənc respublikanın çətin və mürəkkəb günlər yaşadığını vurğulayan S.İmanov 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin tarixində yeni mərhələnin başlandığını bildirmişdir. Ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı President İlham Əliyevin yürütdüyü siyasət sayəsində Azərbaycanın dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrildiyini söyləyən S.İmanov qısa müddət ərzində respublikanın həyatın müxtəlif sahələrində əldə olunan nailiyyətlərdən bəhs etmişdir.

Tədbirdə iştirakçılara Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri əks etdirən, müxtəlif dillərdə dərc olunmuş broşür və bülletenlər, Azərbaycanın qədim və zəngin mədəniyyətinə, musiqisinə, incəsənətinə, o cümlədən xalçaçılıq sənətinə dair müxtəlif kitablar paylanmışdır. Hədiyyə olaraq tədbir iştirakçılarına Azərbaycanın ümummilli lideri Heydər Əliyev haqqında ingilis, ərəb və rus dillərində kitablar, Ermənistanın Azərbaycana hərbi təcavüzündən bəhs edən “Erməni terroru”, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” kitabları da təqdim olunmuşdur.

Konfransda iştirak edən Dubay Hökuməti Aparatının ictimai və mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccara əlavə olaraq “Azərbaycan tolerantlıq məkanıdır” kitabı da hədiyyə edilmişdir.

Konfransda Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən bəhs edən “Azərbaycan deyəndə” və “İlham Əliyev: yeni mərhələ” filmləri nümayiş etdirilmişdir.

Dubay hökumətinin rəsmi nəşri olan Al-Bayan qəzetində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş məqalə dərc olunmuşdur. Qəzetin 6 oktyabr tarixli sayında dərc olunmuş məqalədə müasir Azərbaycanın 1918-ci ilin may ayının 28-dən 1920-ci ilin aprel ayının 28-nə kimi 23 ay ərzində mövcud olmuş Azərbaycan Demokratik Respublikasının hüquqi varisi olduğu qeyd olunmuşdur.

Müəllif həmin respublikanın qısa müddət ərzində mövcud olmasına baxmayaraq, tarixdə iz buraxmağa nail olduğunu xüsusi qeyd etmişdir.

######

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.