DÜNYA
BƏƏ-də “Tolerantlıq bayramı” kitabı çapdan çıxıb
Əbu-Dabi, 4 fevral, AZƏRTAC
Papa Fransisk və Böyük İmam əl-Əzhar şeyx Əhməd Al Tayibin fevralın 3-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfərləri ilə əlaqədar BƏƏ tolerantlıq naziri şeyx Nəhyan bin Mübarək al Nəhyan bu ölkənin milli müxtəlifliyinə həsr olunmuş kitab nəşr edib.
AZƏRTAC SPA Dövlət informasiya agentliyinə istinadla xəbər verir ki, “Motivate Publishing” nəşriyyatı tərəfindən buraxılmış “Tolerantlıq bayramı: BƏƏ-də dini müxtəliflik” adlı kitab Böyük Britaniya səfirliyində keçirilən mərasimdə təqdim edilib.
Şeyx Nəhyan kitaba ön sözdə qeyd edir ki, BƏƏ-də bütün insanlar rahat şəraitdə yaşayır. Ona görə də belə hesab etmək olar ki, burada müxtəlif dinlərin nümayəndələri dini dözümlülüyü yüksək qiymətləndirirlər. Onun sözlərinə görə, tolerantlıq bu kitabın nəşri kimi təntənə ilə qeyd edilməyə layiqdir. Müəllif yazır: “Bu bayram heç vaxt başa çatmamalıdır. Bunun üçün biz tolerantlığı qorumalı və inkişaf etdirməli, daim tolerantlıq ruhunda hərəkət etməliyik. Bizim fəal diqqətimiz olmasa, tolerantlıq tezliklə yox ola bilər. Qoy bu kitab əbədi dözümlülük təlqin etsin”.
Müqəddəs Andrey Anqlikan kilsəsinin Əbu-Dabidəki vikarisi Endrü Tompsonun redaktəsi ilə buraxılmış kitab BƏƏ-də on müxtəlif konfessiyanın nümayəndələrinin dinc yanaşı yaşaması təcrübəsinə həsr edilib. Həmin qrupların çoxu BƏƏ-yə 1960-cı və 1970-ci illərdə - ölkə sürətli inkişaf proqramını həyata keçirməyə başladığı dövrdə gəlib.
“Ərəbistanlı İsa” və “BƏƏ-də xristianlıq” kitablarının müəllifi Endrü Tompson yeni kitabın məzmunundan söhbət açaraq qeyd edib ki, BƏƏ müxtəlif konfessiyalara mənsub olan insanların evidir və bu kitabın məqsədi həmin müxtəlifliyi təşviq etmək, icmalar arasında qarşılıqlı anlaşmanı möhkəmlətməkdir. O deyib: “Biz bəhai, buddist, induist, yəhudi və siqh icmaları da daxil olmaqla on konfessiyanı, habelə xristian icmasının müxtəlif sektalarını əhatə etmişik, biz gələcək nəsillərimiz üçün daha xeyirxah və tolerant cəmiyyət yaradılması üçün səy göstərəcəyik”.
Asya Hacızadə
AZƏRTAC –ın xüsusi müxbiri
Əbu-Dabi