DÜNYA
BƏƏ-də süni intellektə həsr edilmiş qlobal sammit keçiriləcək
Dubay, 15 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hökumətin, biznesin və cəmiyyətin gələcəyi məsələlərinə dair qlobal dialoq imkanlarını genişləndirmək məqsədilə süni intellektə həsr edilmiş “'Ai Everything” Ümumdünya Sammiti keçirilməsi planlaşdırılır.
AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, birinci “'Ai Everything” forumu bu il aprel ayında Dubaydakı Dünya Ticarət Mərkəzində keçiriləcək. BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay hökmdarı şeyx Məhəmməd bin Rəşid Al Maktumun himayəsi ilə keçiriləcək ikigünlük tədbirdə bu sahədə dünya liderləri toplaşacaqlar. Onlar idarəetmənin və biznesin əsaslarını müəyyən etmək, dünyada xoşbəxt cəmiyyət yaratmaq mövzusunda müzakirələr aparacaqlar.
Birinci forum BƏƏ-nin Süni İntellektə dair Milli Proqramı çərçivəsində Beynəlxalq Telekommunikasiya İttifaqının, Dünya İntellektual Mülkiyyət Təşkilatının dəstəyi və “Smart Dubai” şirkəti ilə strateji tərəfdaşlıq şəraitində təşkil edəcək.
BƏƏ-nin “AI Strategy 2031” strategiyasına uyğun olaraq “Ai Everything” sammiti BƏƏ-ni süni intellekt, innovasiyalar və həyati əhəmiyyətli yeni bazarlar yaradılması üçün qlobal stend kimi təqdim edəcək. Gözlənildiyinə görə bu sektorun yüksək iqtisadi imkanları 2030-cu ilə qədər Yaxın Şərq iqtisadiyyatına 320 milyard dollar xeyir verə bilər.
Məlumatda göstərilir ki, bu sammit parlaq startaplar və ekosistemlər yaradılması yolu ilə kompleks ağıllı qərarların öyrənilməsi üçün dünyamiqyaslı aparıcı investisiya birliyi yaratmağa çalışacaq, bu da son nəticədə özəl sektorla dövlət sektorun tərəfdaşlığın səmərəsini artıracaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Dubay