SİYASƏT
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyəti Xocalı soyqırımı ilə bağlı görüşlər keçirmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı bir sıra görüşlər keçirmişdir.
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, silsilə tədbirlər çərçivəsində S. İmanov Dubay əmirliyinin Əl-Fəruq Ömər ibn Əl-Xəttab mədəniyyət mərkəzinin icraçı direktoru Əbdül-Malik Əbdül-Xaliq, kitabxananın müdiri, təlim şöbəsinin müdiri və mərkəzin digər əməkdaşları ilə görüşmüşdür.
Cəmiyyətinin sədri onlara Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. S. İmanov Azərbaycanın zəngin mədəni irsi, tarixi barədə danışmış, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd etmiş, respublikanın dünyada nüfuzunun günü-gündən artdığını qeyd etmişdir.
Əbdül-Malik Əbdül-Xaliq “Azərbaycan” Cəmiyyətinin sədrinə təşəkkürünü və Azərbaycana səfər etmək arzusunu bildirmişdir. Dubayın digər mədəniyyət mərkəzinin nümayəndələri ilə görüşdə “Azərbaycan” Cəmiyyətinin sədri Xocalı soyqırımı barədə məruzə ilə çıxış etmiş və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilən qətliamın erməni millətçilərinin son 200 il ərzində azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulamışdır.
Daha sonra S. İmanov Mədəniyyət Mərkəzinin media idarəsinin rəisi Məhəmməd Xalidə Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ həqiqətləri” toplusunu, CD diskləri, Qarabağ və İrəvan xanlıqlarının tarixindən bəhs edən ərəb dilində kitabları, ərəb dilində “Azərbaycan xalçaları” izahlı kataloqunu, xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kataloqu, Azərbaycan xəritəsi və mayda Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi ilə bağlı hazırlanmış təqvimləri təqdim etmişdir.