SİYASƏT
BƏƏ-dəki “Azərbaycan” Cəmiyyətinin sədri Dubay Əmirliyinin rəsmi dövlət tədbirində iştirak etmişdir

Bakı, 25 aprel (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov aprelin 25-də Dubay Əmirliyinin rəsmi dəvəti ilə Şeyx Məhəmməd Bin Raşed Əl-Məktum adına biznes mükafatının təqdimat mərasimində iştirak etmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Dubay əmirinin vəliəhdi Şeyx Həmdan Bin Məhəmməd Əl-Məktum və əmirin müavini Şeyx Məktum Bin Raşed Əl-Məktum, BƏƏ iqtisadiyyat naziri Sultan Bin Səid Əl-Mənsuri və Dubayın Ticarət və Sənaye palatasının baş müdiri Əbdül-Rəhman Seyf Əl-Qureir, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, rəsmilər, biznesin bütün sahələrini əhatə edən iri şirkətlərin rəhbərləri iştirak etmişlər.
BƏƏ-nin iqtisadiyyat naziri Əl-Mansuri ölkədə gedən sürətli inkişafdan, yerli və xarici şirkətlərin əldə etdiyi uğurlardan danışmışdır.
Dubayın Ticarət və Sənaye Palatasının baş müdiri isə BƏƏ-də, xüsusilə də Dubayda əmir Şeyx Mohammmad Bin Raşid Əl-Maktumun rəhbərliyi ilə ölkədə biznesin inkişafı, iş adamları üçün dünyada oxşarı olmayan şəraitin yaradıldığını qeyd etmişdir.
Sonra mükafatlar təqdim edilmişdir.
Tədbir çərçivəsində “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov Dubay Əmirliyinin Ticarət və Sənaye Palatasının rəhbərliyi ilə görüşmüşdür. Görüşdə o, BƏƏ-də azərbaycanlı iş adamları üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirmişdir. Əmirliyin Ticarət və Sənaye Palatasının rəhbərliyi Azərbaycandan Dubaya yeni iş adamlarının gəlməsində maraqlı olduqlarını bildirmişdir.