SİYASƏT
BƏƏ-nin Dövlət Xəbərlər Agentliyində Naxçıvan Respublikası muxtariyyətinin 90 illik yubileyindən bəhs edən məqalə dərc olunub
Azərbaycanın BƏƏ-dəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə Naxçıvanın muxtar respublika statusu almasının 90-cı ildönümünün qeyd olunması, coğrafi mövqeyi, əhalisinin sayı barədə məlumat verilib. Həmçinin muxtar respublikanın 45 deputatdan ibarət Ali Məclisin sədri tərəfindən idarə olunduğu, Ali Məclisin 1998-ci il aprelin 28-də qəbul etdiyi Azərbaycan Respublikası Konstitusiyasının əsasında tərtib olunan yerli Konstitusiyanın 1998-ci il dekabrın 29-da Milli Məclis tərəfindən təsdiqləndiyi qeyd edilib.
Mövcud 11 iqlim qurşağından 7-nin muxtar respublikanın ərazisindən keçməsi, torpağın zəngin flora və faunası, Naxçıvanda 400 böyük və kiçik çayın, 200-dən çox mineral su bulağının, 3000 bitki, 373 heyvan, 226 quş növünün və onlarla dağ zirvəsinin mövcud olduğu da yazıda öz əksini tapıb.
Yazıda “Naxçıvan” sözünün mənşəyinə də aydınlıq gətirilib. Məqalədə alimlərin bu məsələdəki rəylərinin fərqli olduğu qeyd edilib, xalq etimologiyasına və tarixi qaynaqlara görə “Naxçıvan” “Nəqşi-cahan”, yəni “dünyanın naxışı”, “dünyanın bəzəyi”, eləcə də xalq arasında geniş yayılmış digər bir rəvayətə görə “Naxçıvan” toponiminin Nuh peyğəmbərlə, daha doğrusu “dünya tufanı” ilə bağlı olduğu, “Nuhçuvan” – “Nuh tərəfdarlarının məskəni”, “Nuhun diyarı”, o cümlədən “möcüzəli və yaxşı sular diyarı”, yaxud “müalicəvi mineral sular ölkəsi” mənalarını daşıdığı diqqətə çatdırılıb.
Naxçıvanın dünyanın ən qədim şəhər məskənlərindən və qədim mədəniyyət mərkəzlərindən biri hesab olunduğu, orta əsr tarixçisi Stefan Orbelyaninin Naxçıvan şəhərinin əsasının eramızdan əvvəl 1539-cu ildə qoyulduğu barədə sözlərindən sitat gətirilib. Yazılı mənbələrin və Naxçıvan ərazisində kəşf edilən arxeoloji materialların, eləcə də məşhur “Gəmiqaya” qayaüstü yazılarının və bu ərazidəki digər tarixi-mədəniyyət abidələrinin Naxçıvan şəhərinin 5 min ilə yaxın yaşı olduğunu təsbit etdiyi bildirilib.
Naxçıvan Muxtar Respublikasında 1162 tarixi-mədəniyyət abidəsinin mövcud olduğu, bunlardan 58-nin dünya əhəmiyyətli, 455-nin ölkə, 649-nun isə yerli əhəmiyyətli abidələr olduğu barədə məlumat verilib.
Məqalədə dünya tufanı zamanı Nuh peyğəmbərin gəmisinin Naxçıvan ərazisindəki İlandağa toxunması, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salması və həmin yerin Gəmiqaya adlandırılması, habelə “Nəbi yurdu” adlanan yaylaq yerinin və yaxınlıqda “Nuhdaban” adlanan qədim yaşayış məskəninin mövcud olması bu yöndə olan əfsanələrin gerçəkliyə uyğunluğunu ehtimal etməyə əsas verdiyi vurğulanıb. Nuh peyğəmbərlə bağlı rəvayətlərdə onun özünün və bacısının məzarlarının Naxçıvan şəhərində olması barədə məlumatların da əksini tapdığı yazıda, Nuhun türbəsinin Naxçıvanda olması barədə İ.Şopen, Dyubua-de Monpere, K.A.Nikitin, V.M.Sısoyev və digər tədqiqatçıların məlumatları qeyd edilib.
Məqalədə, həmçinin Naxçıvan Muxtar Respublikasında Heydər Əliyev, Naxçıvan Dövlət Tarix Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi və s. 23 muzeyin olmasının Naxçıvana “muzeylər diyarı” adını qazandırdığı bildirilib, muxtar respublikada 235 kitabxananın və 8 mərkəzləşdirilmiş kitabxana kompleksinin fəaliyyət göstərdiyi də göstərilib.
Eyni zamanda, məqalədə Naxçıvanın iqtisadiyyatı barədə geniş məlumat verilib, muxtar respublikada ümumi daxili məhsul istehsalının 2013-cü ildə 1995-ci illə müqayisədə 53,5 dəfə artaraq 3 milyard ABŞ dollarından çox olduğu, adambaşına düşən gəlirin təxminən 6300 ABŞ dolları təşkil etdiyi nəzərə çatdırılıb.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: (http://www.wam.ae/ar/news/general/1395269550586.html).