BƏƏ-nin “Hope” missiyası Mars planetinin atmosferində yeni kəşflər edib
AzerTAg.az

Qahirə, 28 aprel, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Marsın orbitində olan “Hope” kosmik missiyası qırmızı planetin atmosferində ilğım, həmçinin ətrafdakı maqnit sahəsində avrora (qırmızı-bənövşəyi şüalar) müşahidə edib.
AZƏRTAC rəsmi Emirates agentliyinə istinadla xəbər verir ki, Marsın ətrafındakı maqnit sahəsində Günəş küləkləri və ilğımın fotoşəkilləri Yerə göndərilib. Astronomlar “qıvrımlı diskret avrora” adlandırılan, planetin yarısına qədər uzanan nəhəng soxulcanabənzər işıq selini tədqiq edirlər. Missiyanın rəhbəri Həssa Al Matruşi bildirib ki, “Hope” zondu 2021-ci ildə Marsa çatdıqdan qısa müddət sonra Marsdakı bu atmosfer hadisələrini müşahidə etməyə başlayıb. Onun sözlərinə görə, atmosfer hadisələrini və qarşılıqlı təsirləri araşdırmaq üçün sinoptik görüntülərin hamısını əldə etmək mümkündür.
Astronomlar bildiriblər ki, qıvrımlı diskret qütb üfüqi atmosferin yuxarı qatında enerjili elektron emissiyalarının uzun soxulcanabənzər zolaqlarından ibarətdir və minlərlə kilometrə qədər uzanır. Marsın günəş fırtınasının təsiri altında olduğu və günəş küləyi elektronlarının adi haldan daha sürətli, daha turbulent axını şəraitində müşahidə olunan bu fenomenal hadisə qırmızı planet haqqında yeni məlumatların əldə olunmasına zəmin yaradacaq.
“Hope” zondunun EMUS (The Emirates Mars Ultraviolet Spectrometer) alətindən istifadə etməklə aparılan müşahidələr 90-180 nanometr dalğa uzunluğu arasında dəyişir. Fotoşəkillər planetin səthindən təxminən 130 km yüksəklikdə, Marsın yuxarı atmosferində enerjili elektronların atom və molekullara parçalandığını göstərir. Bu elektronlar günəş küləyindən gəlir və Marsın maqnitosferindəki elektrik sahələrindən enerji alır.
Yeni müşahidələrlə bağlı tədqiqatda ABŞ-ın Kaliforniya Universitetinin astronomları da iştirak edirlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Xəbərin mətnində orfoqrafik səhv var