SİYASƏT
BƏƏ-nin Xarici İşlər üzrə Dövlət nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaş ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim edib. Qarşı tərəf təltif üçün nazir E.Məmmədyarova səmimi təşəkkürünü ifadə edib.
Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.
Nazir Ənvər Qarqaş Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.
Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd edib.
Nazir Ənvər Qarqaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Görüşün sonunda Ənvər Qarqaş Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazıb.