DÜNYA
BƏƏ-nin dəstəklədiyi İnterpol əməliyyatında yüzlərlə oğurlanmış avtomobil müsadirə olunub
Qahirə, 29 iyun, AZƏRTAC
Beynəlxalq Polis Təşkilatı – İnterpol bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən 52 milyon dollar vəsait ayrılmış və oğurlanmış avtomobillərin qaçaqmalçılığını hədəf alan qlobal polis əməliyyatı nəticəsində cəmi iki həftə ərzində yüzlərlə avtomobil, yük maşını və motosikletin, həmçinin təxminən yarım milyon oğurlanmış siqaret müsadirə olunub.
AZƏRTAC BƏƏ mətbuatına istinadla xəbər verir ki, “Carback” adlı əməliyyat zamanı 77 ölkənin dəniz limanlarında və quru sərhəd keçid məntəqələrində nəqliyyat vasitələri və onların sahibləri barədə İnterpolun məlumat bazalarında yoxlamalar aparılıb. Polislər müxtəlif ölkələrdə oğurlanmış 1121 avtomobil və 64 motosiklet müəyyən edib, bu nəqliyyat vasitələrinin alveri ilə məşğul olmaqda şübhəli bilinən 222 şübhəli şəxsi saxlayıblar. Eyni zamanda, qaçaqmalçılıq yolu ilə gətirilən və ya onlayn satılan avtomobillərin ehtiyat hissələrinin satıldığı dükanlara reydlər təşkil olunub.
Məlumatda qeyd edilib ki, adətən oğurlanmış avtomobillərdən silinən Avtomobil İdentifikasiya Nömrələrini (VIN) müəyyən etmək məqsədilə avtomobil istehsalçıları ilə əlaqə saxlanılıb.
Ötən il İnterpol SMV məlumat bazası sayəsində 248 minə yaxın oğurlanmış avtomobili müəyyən edib, eyni zamanda, 130-dan çox ölkə öz milli məlumatlarını bu təşkilatla paylaşıb və 280 milyondan çox axtarış-əməliyyat tədbiri həyata keçirib. Bu əməliyyatlara İnterpolun yeni prezidenti - BƏƏ Daxili İşlər Nazirliyinin generalı Nasser əl-Raisi rəhbərlik edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə