DÜNYA
BƏƏ vəbaya qarşı mübarizəyə 10 milyon dollar ianə edib
Abu-Dabi, 28 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndə vəbaya qarşı mübarizədə Dünya Səhiyyə Təşkilatının səylərini dəstəkləmək üçün 10 milyon dollar ianə edib. Yerli KİV-lərin yaydığı məlumata görə, bunu BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum DST-nin baş katibi Tedros Adxanom Qebreyesusla görüşündə bəyan edib.
Onun sözlərinə görə, BƏƏ vəbanın yayılmasının və fəsadlarının qarşısının alınması, bu xəstəliyə düçar olanların müalicəsi və yəmənlilərə sosial yardım göstərilməsi üçün bu addımı atıb.
Şeyx Məhəmməd bin Rəşid Al Maktum hökumətin tibbi xidmətləri inkişaf etdirmək, dünya səviyyəli tibb ocaqları yaratmaq, ixtisaslaşmış tibbi xidmətlər göstərmək, habelə tibbi və əczaçılıq tədqiqatları sahəsində səyləri artırmaq niyyətini təsdiq edib.
BƏƏ-nin vitse-prezidenti ölkəsinin DST-nin proqram və təşəbbüslərini dəstəkləyəcəyini təsdiq edib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Abu-Dabi