İDMAN
BƏDİİ GİMNASTİKA ÜZRƏ AZƏRBAYCAN VƏ BAKI ÇEMPİONATININ QALİBLƏRİ MƏLUMDUR
Respublika Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yarışlarda paytaxtın müxtəlif idman cəmiyyətlərinin 60-dan çox gimnastı, habelə respublika yarışlarının müsabiqə proqramında ilk dəfə Gəncə gimnastları iştirak etmişlər. Yarışlar dörd yaş qrupunda keçirilmişdir.
Medallar uğrunda ən gərgin mübarizə 1991-1992-ci illər təvəllüdlü gimnastlar arasında olmuşdur. Moskvada yeni hərəkətlər üzərində işləyən Zeynəb Cavadlı turnir ərəfəsində qayıtdığı və yarışda iştirak etmədiyi üçün birinci yerə Avropa çempionatının iştirakçısı, Bakı gimnastika məktəbinin yetirməsi Leyla Şamilova çıxmışdır. Öz proqramını səhvsiz yerinə yetirən gimnast 93,8 bal toplamışdır. İkinci yeri Bakı gimnastika məktəbinin daha bir yetirməsi - Ceyla Quliyeva (92,3 bal), üçüncü yeri isə Zülfiyyə Əliyeva (89,95 bal, “Həmkarlar”) tutmuşlar.
1993-1994-cü illər təvəllüdlü gimnastların yarışı da maraqlı keçmişdir. Ustalığını turnirdən turnirə artıran Cəmilə Hüseynova 84,85 balla birinci yerə layiq görülmüşdür. Respublika kompleks-idman məktəbinin (RKİM) nümayəndəsi Gimnastika məktəbinin yetirməsi Aelita Xələfovanı 1 bal qabaqlamışdır. Bürünc medala RKİM-nın daha bir nümayəndəsi - Esmira Orucova (82 bal) sahib olmuşdur.
1995-1996-cı illər təvəllüdlü gimnastların yarışında isə ən yaxşı nəticəni “Həmkarlar”ın nümayəndəsi Ayişə Mustafayeva göstərmişdir - 80,4 bal. Gümüş medalı həmin klubun təmsilçisi Kamilə Məmmədova (80 bal), bürünc medalı isə RKİM yetirməsi Lalə Yusifova (78,4 bal) qazanmışlar.
Nəhayət, mükafatların son dəsti uğrunda 1997-1998-ci illər təvəllüdlü ən gənc idmançılar mübarizə aparmışlar. Fəxri kürsünün ən yüksək pilləsinə Mənsurə Bağıyeva (59,4 bal, RKİM) qalxmış, ikinci və üçüncü yerləri Yekaterina Prokopenko (59,1, RKİM) və Sima Rəcəbova (57,6 bal, Gimnastika məktəbi) tutmuşlar.
Yarışların direktoru Nurlanə Əlizadə demişdir ki, başa çatmaqda olan ilə yekun vuran bu turnir ölkəmizin yeniyetmələrdən ibarət komandasının tərkibini müəyyənləşdirmişdir.