MƏDƏNİYYƏT
BAĞDADDA BEYNƏLXALQ KİNOFESTİVAL KEÇİRİLMİŞDİR
Müsabiqədə İraq, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Oman, Mərakeş, Danimarka, Fransa, Avstriya, Hollandiya, Norveç və Böyük Britaniya təmilçiləri iştirak etmişlər. Üç gün ərzində 42 film göstərilmişdir. Onlardan 11-i BƏƏ, 9-u Danimarka filmləridir.
Birinci Bağdad kinofestivalı İraq paytaxtında dinclik dövründə keçirilmiş festivallara bənzəmirdi. Səngiməyən atışmalar, basqınlar və terror aktları üzündən mehmanxanalardan birindəki kinoteatra yalnız bir neçə adam gəlmişdi. Nə təntənəli açılış olmuş, nə də bayram əhval-ruhiyyəsi duyulmuşdur. İraqlıların çoxu paytaxtda belə tədbirin keçirilməsindən xəbərsiz idi.
Münsiflər heyəti tammetrajlı bədii filmləri mükafatlandırmamışdır. Qızıl heykəlcik isə BƏƏ-nin istehsalı olan “Ot içində” qısametrajlı filminə təqdim olunmuşdur. Fransa kinematoqrafçılarının çəkdikləri “Birinci mərtəbədən məktub” sənədli filmi də yüksək mükafata layiq görülmüşdür.
Tədbirin təşkilatçılarından biri Tahir Əbd əl-Müsəlləm demişdir ki, bu, beynəlxalq Bağdad kinofestivalının təməlinə qoyulmuş ilk daşdır. Ümidvarıq ki, belə tədbirlər İraq paytaxtında müntəzəm keçiriləcəkdir.
Həqiqətən, İraq kinematoqrafı getdikcə bərpa olunur, yenidən filmlər çəkilməyə başlamışdır. Qahirə kinofestivalında nümayiş etdirilmiş “Arzular”, müharibənin qızğın çağında çəkilmiş və Dubay kinofestivalına təqdim olunacaq “Gərəksiz” filmləri buna sübutdur. İraq rejissoru Hiner Salamın “Sıfırıncı kilometr” filmi yarım il əvvəl Kann kinofestivalında nümayiş etdirilmişdir.