RƏSMİ XRONİKA
BƏHREYN KRALI ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN İSA AL XƏLİFƏYƏ
Əlahəzrət,
Əziz Qardaşım,
Bəhreyn Krallığının təsis olunması və Kral elan edilməyiniz münasibətilə Sizi və qardaş Bəhreyn xalqını səmimi qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Bəhreyn Krallığı və Körfəz ölkələrinin Əməkdaşlıq Şurasına daxil olan digər ərəb ölkələri ilə münasibətlərin inkişafı Azərbaycan respublikasının xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Mən ölkənizin ictimai-siyasi həyatında Sizin rəhbərliyiniz altında gedən prosesləri maraqla izləyir və alqışlayıram. Əminəm ki, Bəhreyn Krallığının regionda və beynəlxalq aləmdə siyasi çəkisinin artması Azərbaycan-Bəhreyn dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
Əlahəzrət, Sizi münasib hesab etdiyiniz vaxtda Azərbaycan Respublikasına rəsmi səfərə dəvət edirəm. Ümidvar olduğumu bildirirəm ki, səfəriniz iki ölkə arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəkdir.
Sizə möhkəm cansağlığı, uzun ömür, şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Bəhreyn xalqına isə daim firavanlıq, tərəqqi və çiçəklənmə arzulayıram.
Dərin hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2002-ci il